BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
AYNA tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir. Növbəti belə yerlər Səbail və Nəsimi rayonları ərazisində təşkil edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Belə ki, Üzeyir Hacıbəyli küçəsində (Puşkin küçəsi ilə Azadlıq prospektinin aralığı) və Azadlıq prospektində (ABŞ səfirliyinin qarşısı) minib-düşmə yerləri ilə bağlı müvafiq lövhələr yerləşdirilib.
Görülən bu tədbirlərin əsas məqsədi avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.
Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.







