BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Qafqazda ilk ürək transplantasiyası icra edilən şəxs insanlara donor olmaqla bağlı çağırış edib.
TurkicWorld xəbər verir ki, ürək transplantasiyası icra edilən pasiyent Rəşad Məmmədəliyev bu çağırışı "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masada səsləndirib.
O, əməliyyatdan sonra səhhətinin yaxşı olduğunu vurğulayıb:
"Ürək transplantasiyası etdirməyə qorxsam da, həkimimə inanırdım. Əməliyyatdan öncə təngnəfəsliyim var idi, indi hər şey çox yaxşıdır. Artıq əməliyyatdan dörd ay keçib, normal həyatıma davam edirəm. Düzdür, əvvəl hərəkət etməkdə çətinlik çəkirdim, indi rahat hərəkət edirəm. Bir neçə dərman qəbul edirəm. Bəzisi ömürlük, bəziləri müddətlidir. Donor ailəsinə, üzərimdə əməyi olan hər kəsə təşəkkür edirəm. Transplantasiyanın mənə hər hansı psixoloji təsiri olmadı. Ümid edirəm ki, bütün xəstələr tezliklə şəfa tapar".







