Son dəqiqə

Azərbaycan Energetika Nazirliyi Almaniya Uniper Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi Kavita Ahluvalia Qordon Smit Piter Arp

Azərbaycan Almaniya şirkəti ilə "yaşıl enerji" və aşağı karbonlu məhsullar üzrə əməkdaşlığı müzakirə edib

BAKI,TurkicWorld

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) ilə Almaniyanın UNIPER şirkəti arasında "yaşıl enerji" və aşağı karbonlu məhsullar üzrə əməkdaşlıq müzakirə edilib.

Bu barədə BOEMDA məlumat yayıb.

Bildirilib ki, sentyabrın 1-də Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) Almaniya Federativ Respublikasına səfəri çərçivəsində Düsseldorf şəhərində UNIPER şirkətinin baş ofisində seminar təşkil edilib.

Tədbir çərçivəsində UNIPER şirkətinin Hökumətlərlə əlaqələr üzrə Baş vitse Prezidenti Kavita Ahluvalia, Şərq regionunda təchizat və layihələrin istiqamətləndirilməsi üzrə Vitse-prezidenti Piter Arp, Avropa ölkələri üzrə Baş vitse-prezidenti Qordon Smit və Xəzər regionunda biznesin inkişafı üzrə baş menecer Turgut Bas və şirkətin digər yüksək səviyyəli nümayəndələri ilə görüşlər keçirilib.

Görüş zamanı Azərbaycan ilə Almaniya arasında 2026-cı il 21 iyul tarixində Berlində imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamədə iqtisadiyyat və ticarət üzrə həyata keçirilməsi nəzərdə tutulan "yaşıl" və aşağı karbonlu hidrogen, enerji səmərəliliyi, yaşıl dəhlizlər və infrastrukturun inkişafına üzrə əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Əlavə olaraq, UNIPER şirkətinin Baş İcraçı Direktoru Mişel Levis yaradılmış Almaniya Azərbaycan Biznes Şurasının təmsilçisi olan Şərqi Avropa Biznes Assosiasiyasının idarə heyətinin üzvü olması qeyd edilib. Bu xüsusda görüşlərdə yaşıl enerji istiqamətində potensial layihə istiqamətləri və gələcək planlar müzakirə edilib.

Görüş çərçivəsində UNIPER tərəfindən hidrogenin istehsalı və saxlanması üzrə həyata keçirilən layihələr, o cümlədən tətbiq olunan texnologiyalar barədə ətraflı məlumat verilib. Eyni zamanda, dayanıqlı aviasiya yanacağı (SAF), e-metanol, e-metan və bioqaz üzrə qlobal bazarların inkişaf perspektivləri, sözügedən məhsulların Avropa İttifaqına idxalı imkanları, əlaqələri qanunvericilik bazasının tələbləri və aşağı karbonlu enerji məhsulları bazarının inkişaf tendensiyaları ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Görüş zamanı Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova tərəfindən Azərbaycanın bərpa olunan enerji potensialı, həyata keçirilən layihələr, "Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış Sənədi"nin Tətbiqi planının icrası ilə bağlı, həmçinin yaşıl enerji dəhlizləri istiqamətində görülən işlər barədə təqdimatla çıxış edilib.

Avropada qaz enerji daşıyıcıları sektorunu təmsil edən Eurogas ilə keçirilən iclas zamanı Avropa İttifaqının enerji sahəsində tənzimləyici çərçivəsi, enerji idxalına tətbiq olunan qanunvericilik və tənzimləmə mexanizmləri, həmçinin Avropada tətbiqi planlaşdırılan metan emissiyalarının tənzimlənməsi qaydaları və onların Azərbaycandan Avropaya qaz ixrac edən şirkətlərə təsiri barədə ətraflı məlumat verilib.

Daha əvvəl Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Trend-ə eksklüziv müsahibəsində bildirib ki, ölkə Avropa və Mərkəzi Asiya arasında yaşıl enerji körpüsünün formalaşmasında getdikcə daha mühüm rol oynayır.

"Azərbaycan artıq yalnız enerji resurslarının ixracatçısı deyil, həm də regional enerji bağlantılarının və yaşıl enerji dəhlizlərinin təşəbbüskarlarından biridir. Hazırda həyata keçirilən külək və günəş enerjisi layihələri ölkənin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, elektrik enerjisinin ixrac imkanlarını da əhəmiyyətli dərəcədə artıracaq", – deyə Cavid Abdullayev vurğulayıb.

Onun sözlərinə görə, Xəzər dənizinin böyük külək potensialı, yeni elektrik ötürücü xətlərin yaradılması və "Xəzər–Qara dəniz–Avropa" yaşıl enerji dəhlizi kimi təşəbbüslər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirəcək.

"Yaşıl enerji layihələri ölkəyə əlavə ixrac gəlirləri qazandırmaqla yanaşı, daxili enerji balansının optimallaşdırılmasına, təbii qaz sərfiyyatının azalmasına və daha çox qazın xarici bazarlara yönəldilməsinə imkan yaradacaq", – deyə o əlavə edib.

Mövzuya görə xəbərlər