Son dəqiqə

Türkiyə Bakı Balıklıgöl Göbeklitepe İçərişəhər Mədəni proqramı Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri Karahantepe Harran

Bakıda “Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri” keçiriləcək

BAKI,TurkicWorld

5–6 sentyabr tarixlərində Bakının tarixi İçərişəhər ərazisində Şanlıurfanın zəngin tarixi və mədəni irsini tanıtmaq məqsədilə “Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri” adlı iki günlük proqram keçiriləcək.

Bakı Yunus Əmrə İnstitutunun ev sahibliyi, Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) dəstəyi, Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin töhfələri və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq tədbir Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin, xalqlarımız arasında tarixi və mədəni bağların daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Proqram çərçivəsində Şanlıurfanın minilliklərə söykənən tarixi, zəngin mədəni irsi, milli mətbəxi, ənənəvi sənətkarlıq nümunələri, folkloru və musiqi mədəniyyəti Bakı sakinləri və şəhərin qonaqlarına təqdim olunacaq.

İki günlük proqram çərçivəsində İçərişəhər Meydanında Göbeklitepe, Karahantepe və Şanlıurfanın tarixi, təbii və mədəni dəyərlərini əks etdirən foto sərgiləri təşkil ediləcək. Ziyarətçilər Şanlıurfaya məxsus yerli məhsullar, ənənəvi sənətkarlıq nümunələri və suvenirlərlə tanış olmaq, şəhərin özünəməxsus milli mətbəxindən nümunələri dadmaq imkanı əldə edəcəklər.

Mədəni proqramın mühüm hissəsini Şanlıurfanın zəngin folklor və musiqi ənənələrini əks etdirən konsertlər, xalq rəqsləri və Sıra Gecəsi təşkil edəcək. Bununla yanaşı, ziyarətçilərə Şanlıurfanın əsrlər boyu formalaşmış mədəni ənənələri və sənət nümunələri də təqdim olunacaq.

Təşəbbüsün əsas məqsədi Şanlıurfanın qədim tarixinin və zəngin mədəni irsinin Azərbaycan ictimaiyyətinə daha yaxından tanıdılması, iki qardaş xalq arasında mədəni əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı mədəni mübadilənin genişləndirilməsidir.

Qeyd edək ki, Şanlıurfa qədim tarixi və zəngin mədəni irsi ilə Türkiyənin mühüm mədəniyyət və turizm mərkəzlərindən biridir. Dünyanın ən qədim monumental tikililərindən biri hesab olunan Göbeklitepe, Karahantepe, tarixi Harran və şəhərin mühüm simvollarından biri olan Balıklıgöl Şanlıurfanın zəngin tarixi irsinin əsas nümunələrindəndir. Şəhər həmçinin özünəməxsus mətbəxi və musiqi ənənələri ilə seçilir.

“Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri” Azərbaycan və Türkiyə xalqları arasında mövcud olan tarixi və mədəni bağların daha da möhkəmləndirilməsi, Şanlıurfanın mədəniyyət və turizm imkanlarının Azərbaycanda tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

“Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri” 5–6 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində, İçərişəhər Meydanında keçiriləcək. Tədbirin rəsmi açılış proqramı 5 sentyabr saat 18:00-da baş tutacaq

Mövzuya görə xəbərlər