BAKI, TurkicWorld, Orxan Qədirzadə
Ölkəmizdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları 1 saylı DOST Mərkəzi ilə tanış olublar.
TurkicWorld xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi və DOST Mərkəzlərinin fəaliyyəti barədə qonaqlara məlumat verib.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim edildiyi vurğulanıb. DOST konsepsiyasının üstünlükləri və beynəlxalq uğurları diqqətə çatdırılıb.
TDT əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində də olublar. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə əhalinin həssas qruplarına aid şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsi üçün aparılan işlər diqqətə çatdırılıb.
Müəssisədə həyata keçirilən yaradıcılıq prosesi, burada hazırlanan əl işləri ilə tanış olan qonaqlar üçün Mərkəzin təlimçi və benefisiarlarının ifasında konsert proqramı təqdim olunub.







