Bakı. TurkicWorld:
İtaliya-Azərbaycan Universitetinin yeni proqramının fəaliyyətə başlaması Azərbaycan və İtaliya arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır.
TurkicWorld xəbər verir ki, bunu ADA Universitetində İtaliya-Azərbaycan Universitetinin yeni proqramının açılış mərasimində İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko deyib.
Onun sözlərinə görə, bakalavriat proqramının fəaliyyətə başlaması Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin inkişafında daha bir əlamətdar hadisə olacaq.
Səfir universitetin təkcə bilik və təcrübə mübadiləsi mərkəzi kimi deyil, həm də iqlim dəyişikliyi, səhralaşma, ərzaq qıtlığı və həddindən artıq əhali artımı kimi qlobal çağırışların aradan qaldırılmasına yönəlmiş innovasiyalar və yeni həll yolları mərkəzi kimi əhəmiyyətini vurğulayıb.
"Bu gün belə bir məktəbin rolu bir neçə il əvvəl təsəvvür ediləndən daha da əhəmiyyətlidir. Əminəm ki, bu, həm də Azərbaycanın sədrliyi və BMT tərəfindən uğurla təşkil olunmuş bu yaxınlarda Bakıda keçirilmiş COP29 konfransında səslənən irsin və ideyaların davam etdirilməsinə kömək edəcəkdir", - diplomat əlavə edib.
O, həmçinin İtaliya-Azərbaycan Universitetinin təcrübə mübadiləsi, təlim, birgə iş imkanlarının genişləndirilməsinə, eləcə də yeni işgüzar əlaqələrin inkişafına kömək edəcəyini vurğulayıb.
"Bu gün Azərbaycan və İtaliya biznes nümayəndələrinin mərasimdə iştirakı buna sübutdur", - səfir qeyd edib.
Xatırladaq ki, 2022-ci il aprelin 2-də Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib. Onun strukturuna iki institut daxil olacaq: Kənd Təsərrüfatı və Qida Elmləri İnstitutu və Layihə və Memarlıq İnstitutu. Bundan əlavə, kampusda tələbə yataqxanalarının tikilməsi nəzərdə tutulur.







