Bakı, TurkicWorld
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə həmin ilin oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edilib.
TurkicWorld xatırladır ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində Füzuli rayonu sakinlərinin yurd həsrətinə son qoyulub.
Qeyd edək ki, erməni işğalçıları Füzuli kimi inkişaf etmiş şəhərimizi dağıdıb viran qoymuşdular. Hər şey dağıdılıb, talan edilmişdi. Ermənilər tarixi abidələrimizi, məscidlərimizi, qəbrlərimizi, hətta alban kilsələrini də dağıdmışdılar. Hətta qəbrləri eşələyib təhqir etmişdilər.
Lakin torpaqlarımız işğaldan azad edildikdən sonra hər qarışında tikinti-bərpa quruculuq işlərinə başlanılıb. Füzuli şəhəri də yenidən qurulur, tikilir və abadlaşır.
Böyük Qayıdış proqramının birinci mərhələsinin sonuna kimi rayonda 22 min insan məskunlaşacaqdır. Artıq Füzuli şəhərinə 822 ailə (3132 nəfər) köçürülüb.
Əlavə edək ki, Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.