Bakı Ağır Cinayətlər Məhkəməsi

“Məşədi Dadaş”ın imamına sui-qəsdin son anda qarşısı alınıb

Bakı, TurkicWorld

İctimai xadimin həyatına sui-qəsddə və qəsdən adam öldürməyə cəhd etməkdə ittiham olunan Elşən Hüseynovun məhkəməsi başlayıb.

TurkicWorld xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxsin şəxsi məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.

Hazırkı mərhələdə tərəflərin heç biri vəsatətlə çıxış etməyib. Ümumi razılaşmaya əsasən, cinayət işi baxışa verilib. Birinci baxış iclası avqustun 2-nə təyin edilib.

Prosesdə təqsirləndirilən şəxsin səhhəti ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı müraciət olunub.

Cinayət işinin mahiyyəti ilə bağlı bəzi məlumatları əldə etmişik.

Belə ki, 41 yaşlı Elşən Hüseynov dini ədavət niyyəti ilə iki nəfəri öldürməyə cəhd edib, eləcə də ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə onun həyatına sui-qəsd edib. Elşənin qisas niyyəti ilə öldürmək istədiyi əsas adam "Məşədi Dadaş" məscidinin imamı Əli Şərbətov olub.

Elşən 30 dekabr 2023-cü il tarixdə "Məşədi Dadaş" məscidinin imamına sui-qəsd etmək niyyəti ilə onun otağına zorla girmək istəyib.

Bu vaxt məscidin xidmətçisi Rəsul Həsənli onu saxlamağa çalışıb. Təqsirləndirilən şəxs bu vaxt cibindəki bıçağı çıxararaq xidmətçinin qulaq, qarın və digər nahiyələrinə xəsarət yetirib. Elşən öz iradəsindən asılı olmayan səbəbdən planını tam reallaşdıra bilməyib. Xidmətçi yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb, Elşən isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Elşən Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 29.120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayəti gizlətmə məqsədilə adam öldürməyə cəhd) 29.120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29.120.2.11 (terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29.120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham elan edilib.

Mövzuya görə xəbərlər