Bakı. TurkicWorld
Milli Azərbaycan Tarixi Muzeyi və Polşa Respublikasının ölkəmizdəki səfirliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanması məqsədilə görüş keçirilib.
Muzeydən TurkicWorld-a bildirilib ki, görüşdə muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov, Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski, səfirin müşaviri Mixal Qretzilo, səfirliyin əməkdaşı Katarzina Piaseçka, muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova və həmin şöbənin böyük elmi işçisi Fuad Ağayev iştirak ediblər. Tədqiqatçı alim Fərhad Cabbarov qonaqları muzeydə yenidən görməkdən məmnunluğunu bildirib və hər iki ölkənin tarixi əlaqələrindən danışıb.
Sonra tanınmış polşalı memar Yuzef Qoslavskinin vəfatının 120-ci il dönümünə həsr olunacaq sərginin muzeydə təşkili ilə bağlı razılaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, sərgidə Yuzef Qoslavskinin vaxtilə Bakıda layihələndirdiyi məşhur binaların 3D formatında təqdimatı, eyni zamanda, polşalı memarın həyat və yaradıcılığına aid arxiv sənədləri (və ya onların surətləri), xüsusən də Bakıdakı fəaliyyəti ilə bağlı mətn və vizual materialları yer alacaq.
Razılaşma ilə bağlı fikir mübadiləsindən sonra qonaqlar muzeyin yeni ekspozisiyası ilə tanış olublar. Ekspozisiyada nümayiş olunan nadir eksponatlar Səfirin marağına səbəb olub.