Son dəqiqə

Azərbaycan

Tovuz döyüşlərindən 4 il ötür

Bakı. TurkicWorld

Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə Tovuz döyüşləri qızıl hərflərlə yazılıb. Silahlı Qüvvələrimizin şanlı Zəfər qazandığı Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərinin başlamasından dörd il ötür. Ümumiyyətlə Ordumuzun Böyük Qələbəyə doğru irəliləməsi 2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il uğurlu Günnüt əməliyyatından, 2020-ci il Tovuz döyüşlərindən keçib. Ölkəmizə qarşı təxribatçı əməllərindən əl çəkməyən Ermənistan ordusunun növbəti diversiyasının qarşısının alınması ilə başlayan beşgünlük iyul döyüşlərində rəşadətli Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq onun mənfur niyyətinin qarşısını alıb.

TurkicWorld Tovuz döyüşlərinin xronologiyasını təqdim edir.

Döyüşlərin birinci günündə - 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub və hücuma keçməyə cəhd göstəriblər. Lakin görülən adekvat tədbirlər nəticəsində düşmənə ciddi zərbə endirilib və o itki verərək geri oturdulub. Beləliklə, Ermənistan silahlı birləşmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Döyüşdə düşmənin hücumunun qarşısını alarkən Ordumuzun üç hərbi qulluqçusu şəhid olub, beş nəfər isə yaralanıb. Ermənistan ordusunun şəxsi heyəti isə həmin döyüşlərdə çoxsaylı itki verib.

İyulun 13-nə keçən gecə Ermənistan hərbi birləşmələri Tovuz istiqamətində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə Ordumuzun mövqelərinə, o cümlədən Tovuz rayonunun Ağdam kəndinə minaatanlardan yenidən atəş açıb. Düşmənin bu təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülüb. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Bölmələrimizin endirdiyi sarsıdıcı zərbələr nəticəsində düşmən xeyli itki verib.

İyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Bölmələrimiz düşmənin fəaliyyətinin qarşısının alınması məqsədilə cəza tədbirləri görüblər. Təxribatı davam etdirmək məqsədilə mövqelərimizə hücuma keçməyə cəhd göstərən qarşı tərəfin bu niyyətinin də qarşısı alınıb. Düşmən itkiləri barədə məlumatları gizlədib. Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib. Döyüşlər zamanı dörd hərbi qulluqçumuz şəhid olub. Azərbaycan Ordusunun bölmələri şəhidlərimizin qanını yerdə qoymayıblar.

Elə həmin gün Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini minaatanlardan və toplardan atəşə tutublar. Düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri həyata keçirilib. Onun bir neçə hərbi obyekti və texnikası, həmçinin atəş mövqeləri, radiolokasiya stansiyası, şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib.

Şiddətli döyüşlər iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində davam edib. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib. İki sutka ərzində qarşı tərəfə sarsıdıcı atəş zərbələri endirilib. Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı böyük itki verən düşmən geri çəkilib.

İyulun 14-də Ermənistan silahlı birləşmələri Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə məruz qoyub. Həmin gün döyüş zamanı müdafiənin ön xəttindəki Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də düşmən hücumunun qarşısını alarkən beş hərbi qulluqçumuz qəhrəmancasına şəhid olublar. Bu, Azərbaycan Ordusunun general və digər yüksək rütbəli zabitlərinin əsl vətənpərvərliyini, cəbhənin ön xəttində döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetməsini dünyaya nümayiş etdirib. Həmin gün bu istiqamətdə ağır döyüşlər gedib. Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi də atəşə tutub. Bu hadisələrdən sonra Azərbaycan Prezidenti Ermənistana qarşı cəza əməliyyatının başlanmasına dair göstəriş verib. Ali Baş Komandan İlham Əliyev həmin günlər deyib: "Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib". Ölkə rəhbəri Tovuzda baş verən hadisələri Ermənistanın növbəti təxribatı adlandırıb və Azərbaycanın ərazi bütövlüyünü qoruyacağını qətiyyətlə ifadə edib.

Eyni gün düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edib. Azərbaycan Ordusu şəhidlərimizin qisasını tezliklə alıb. Həmişə olduğu kimi, bu dəfə də vəziyyət gərginləşdikdə qarşı tərəf dərhal yaşayış məntəqələrimizə atəş açmağa başlayıb. Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində açdığı artilleriya atəşi nəticəsində rayonun Ağdam kəndinin sakini həlak olub. Ermənistan hərbi birləşmələrinə məxsus pilotsuz uçuş aparatı vurulduqdan sonra düşmənin atəş mövqeyindəki artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə yerlə-yeksan edilib. Həmçinin düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə onun artilleriya divizionunun idarəetmə məntəqəsi milli ordumuzun bölmələrinin dəqiq atəşi ilə sıradan çıxarılıb.

Bir gün sonra görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası və daha bir bölüyün dayaq məntəqəsi məhv edilib. Düşmən bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından da istifadə edərək atəş açsa da, cavab atəşi ilə susdurulub. Tovuz rayonu istiqamətində mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə məruz qoyan qarşı tərəfin bölmələrinin uzunmüddətli atəş nöqtələri və dayaq məntəqəsi yerlə-yeksan edilib.

Tovuz döyüşlərinin mühüm əhəmiyyəti xalqımızın Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə qarşı qəhrəmancasına döyüşən ordumuzla milli həmrəylik nümayiş etdirməsi idi. Belə ki, iyulun 14-dən 15-nə keçən gecə on minlərlə gənc paytaxtımızda yürüş edərək Azərbaycan Ordusuna dəstəyini göstərib. Növbəti günlərdən başlayaraq, çoxsaylı azərbaycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət edib. Nazirlər Kabinetinin iyulun 15-də keçirilmiş iclasında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram" çağırışına səs verən minlərlə vətəndaşımız Xidmətin yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü şəkildə orduda xidmət etmək barədə arzularını bildirib və müvafiq qaydada qeydiyyata alınıblar.

İyulun 16-da səhər mövqelərimizə yenidən hücum etməyə cəhd göstərən düşmən Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini iriçaplı silahlar və minaatanlardan atəşə tutub. Lakin qarşı tərəf yenə cavab atəşi ilə susdurulub.

İyulun 17-də Tovuz rayonu istiqamətində nisbi sakitlik olsa da, ümumilikdə gərginlik davam edib.

Beləliklə, Azərbaycan Ordusunun yüksək peşəkarlığının daha bir örnəyi olan Tovuz döyüşləri zamanı Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb və 1 mülki şəxs həlak olub. Bu döyüşlərdə düşmənin 100-dən çox hərbçisi məhv edilib, döyüş texnikası sıradan çıxarılıb. Xalq bu döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan öz mərd, vətənsevər oğullarını böyük izdihamla son mənzilə yola salıb.

Qeyd edək ki, ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları və şəhidlər, eləcə də Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.

2020-ci ilin iyulunda baş vermiş döyüşlər Azərbaycan tarixinin şanlı səhifələrindən olan Vətən müharibəsinə aparan yolda ən mühüm mərhələlərdəndir. Bu döyüşlərdən təxminən iki ay yarım sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə qalib gələrək torpaqlarımızı işğaldan azad etdi. Düşmənə sarsıdıcı zərbə vuran ordumuz şəhidlərimizin qanını yerdə qoymadı. Qəhrəman əsgər və zabitlərimiz onların qisasını döyüş meydanında alaraq qələbə qazandı, xalqımıza böyük sevinc və qürur hissi yaşatdılar. Odur ki, biz bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Şəhidlərimizin xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq. Hazırda şəhid ailələri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Bu Qələbəni bizə bəxş edən əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların şücaəti və fədakarlığı isə artıq dastana çevrilib.

Tovuz döyüşləri Ermənistanın hərbi gücsüzlüyünü və Azərbaycan Ordusu qarşısında məğlub olacağını bir daha göstərmiş oldu. Bütün bunlar xalqımızın döyüş ruhunun yüksək olduğunu nümayiş etdirdi. Beləliklə, bu döyüşlər Azərbaycanın Vətən müharibəsində mənfur düşmən üzərində qazanmış olduğu Böyük Zəfərin ilk qığılcımlarından idi.

Mövzuya görə xəbərlər