Bakı. TurkicWorld:
Azərbaycan Dövlət İqtisad Universitesi (UNEC) Türk Dünyası İqtisad Fakültəsi və BZT Turan Akademiyasının koordinatorluğu ilə “İkinci beynəlxalq ümumdünya, sosial, təhsil və maliyyə" konfransı keçirildi.
TurkicWorld xəbər verir ki, açılış nitqlərindən öncə Türk Dünyasının dəyərli sənətçilərı Qırğızıstandan Çolpan Kambar, Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova misilsiz ifalarını nümayiş etdiriblər.
İlk öncə açılış nitqini söyləyən, konfransın sədri TUDİFAK dekanı prof.dr. Mehmet Yüce Türk Dünyasının iqtisadi dinamikası, iqtisadi artım perspektivləri və bu sahədəki gələcək strategiyaları barədə geniş və ətraflı məlumat verib.
Daha sonra UNEC prorektoru dos. Fariz Əhmədov Türk dünyası anlayışında təhsilin rolunun önəmindən bəhs edərək, UNEC-in elmi fəaliyyətlərdəki nailiyyətləri və Türk Dünyasında təhsil sahəsində əldə olunan əməkdaşlıqların əhəmiyyəti barədə məlumat verib.
Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili akademik Ziyad Səmədzadə, Türk Dünyasının mədəni irsi üzərindəki qarşılıqlı əlaqəni vurğulayaraq mühüm açıqlamalar verib.
Eyni zamanda Türkiyə Respublikası Prezident Administrasiyasının Maliyyə İdarəsi sədri dr. Ferhat Kara çıxışında bu konfransın elmi töhfələri və Türk dünyasındakı inzibati elmlər, ümumdünya və sosial sahələrdə hazırki dövrdə və keçmişdə mövcud olan önəmli qiymətləndirmələri, gələcək planları vurğulayıb.
Həmçinin Bahawalpur İslam Universitetindən prof.dr. Muhammad Safdar Bhatti Pakistan və Türk Dövlətlərinin iqtisadi, ümumdünya və təhsil sahəsindəki qarşılıqlı əlaqələri, bu istiqamətdə atılan addımlar və fürsətlər barədə geniş məlumat vermişdir.
Son olaraq konfransın dəyərli koordinatoru dos. Fərahilə Babayeva Şükürova konfrans haqqında iştirakçılara ətraflı məlumat verərək, qonaqlara hədiyyələrini təqdim edib.
Konfransın ilk "Ailəmiz Türk Dünyasıdır" mövzulu müzakirə panelində yerli və xarici alimlərin faydalı çıxışları dinlənilmişdir. İkinci paneldə “Gənclərin Nöqteyi Nəzərindən Türk Dünyasına İnteqrasiyası: Problemlər və Həlli Yolları” mövzusunda fakültə tələbələri öz araşdırmaları barədə nəticələri təqdim etdilər.
Üç gün müddətində davam edəcək beynəlxalq elmi konfransda 16 fərqli ölkədən 286 elm adamının tədqiqat işləri təqdim ediləcək.
Türk Dünyasının bir araya gəldiyi bu konfrans, önəmli düşüncə liderlərinin bir araya gələrək gələcəyə dair stratejik addımların danışıldığı bir platforma oldu.