Son dəqiqə

Allahşükür Paşazadə

Azərbaycanın multikultural birgəyaşayış təcrübəsi dünyada model olaraq təqdir edilir - Allahşükür Paşazadə

Bakı. TurkicWorld:

Azərbaycanın islamofobiya ilə bağlı beynəlxalq konfranslara ev sahibliyi etməsi artıq ənənəyə çevrilib. İslam dünyasının mütərəqqi, dini-mənəvi dəyərlərinə dərin ehtiramı, dinlərarası anlaşma və mehriban qardaşlıq mühitinin hökm sürməsi ilə tanınan Azərbaycan dövlətinin əməli səyləri dünya miqyasında nüfuzumuzu artırır, bütün beynəlxalq müstəvilərdə mövqelərimizi möhkəmləndirir.

TurkicWorld-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransda panel müzakirəsi zaman deyib.

O qeyd edib ki, qədim dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı məhz milli-mənəvi dəyərlərinə sadiqliyi sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu bugünədək qoruyub saxlaya bilib.

"Dinlərarası, məzhəblərarası harmoniya mühitində multikultural birgəyaşayış təcrübəmiz dünyada model olaraq təqdir olunur. Dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımızı milli birlik, mənəvi vəhdət ideyaları ətrafında bir araya gətirən Azərbaycan bu gün dünyaya multikulturalizm, İslam həmrəyliyi ideyalarını təqdim etmək qüdrəti olan dövlətə çevrilib.

İslam dəyərlərinin ümumbəşər əhəmiyyətinə dəyər verən, müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği və müdafiəsi istiqamətində əməli səylər göstərən dövlət başçımız İlham Əliyev Multikulturalizm ili, ardınca "İslam həmrəyliyi ili"ni elan etmək kimi müdrik qərarları, müəllifi olduğu Bakı prosesi ilə dünya miqyasında dinlərarası dialoq, sivilizasiyalararası əməkdaşlıq işinə böyük töhfələr verib.

Bütün ölkə boyunca, o cümlədən, işğaldan azad olunmuş ərazilərimizdə əsarətdən qurtulmuş dini-mənəvi irsi ehtiramla bərpa və nəfis şəkildə yenidən qurulan məscid və ziyarətgahlar, bütün dinlərə məxsus ibadətgah məkanları ali diqqət və multikultural dövləti təfəkkürün təzahürüdür", - deyə o qeyd edib.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Mövzuya görə xəbərlər