Bakı. TurkicWorld:
Azərbaycanın dinlərarası dostluq və qardaşlıq mühitində uğurlu birgəyaşayış modeli bütün dünya üçün örnəkdir.
TurkicWorld-in məlumatəna görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi" mövzusunda keçirilən panl müzakirələri zaman deyib.
O qeyd edib ki, Azərbaycanın dövlət başçısı Zati-aliləri Prezident İlham Əliyevin xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək irəli sürdüyü multikulturalizm və İslam həmrəyliyi kimi ümumbəşəri əhəmiyyətli ideyalar, müəllifi olduğu Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi, 2024-cü ili Yaşıl dünya naminə həmrəylik ili elan etməsi Azərbaycanın dövlət liderinin həyata keçirdiyi müdrik təşəbbüslərdir və dünya miqyasında insan həmrəyliyinə xidmət edir.
"Hal-hazırda dövlətimiz işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi abidələrimizi bərpa edir, yandırılmış torpaqlarımızı minalardan təmizləyərək genişmiqyaslı yenidənqurma işləri aparır, Cənubi Qafqaz regionunun ümumi tərəqqisinə xidmət edən perspektivli iqtisadi layihələrlə çıxış edir. Təəssüflər olsun ki, Azərbaycanın bu səyləri ilə eyni vaxtda, Ermənistanda hələ də revanşizm, nifrət çağırışları səslənir. Separatizmi qızışdıranlara, revanşist təbliğat aparanlara, hərbi yardım vəd edən havadarlara bel bağlayaraq mürtəce planlar cızanlara xitabən bəyan etmək istəyirəm ki, xülyalara aldanıb öz xalqlarına yeni faciələr yaşatmasınlar. Unutmasınlar ki, bir yumruq kimi birləşmiş multikultural Azərbaycan xalqı, müstəqil, suveren Azərbaycan dövləti hər zaman bütün təhdidlərin öhdəsindən gəlmək iqtidarındadır, inşallah",- deyə A.Paşazadə əlavə edib.