Bakı. TurkicWorld:
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi (RFMRİ) sədrinin birinci müavini, Moskva İslam İnstitutunun (Mİİ) rektoru,professor Damir Muhetdinovun “Rusiyada İslam tarixi” kitabının təqdimat mərasimi keçirilib.
TurkicWorld xəbər verir ki, təqdimat mərasimində açılış nitqi ilə çıxış edən Aİİ rektoru, dosent Aqil Şirinov professor Damir Muhetdinovun “Rusiyada İslam tarixi” kitabının təqdimatının İnstitutda keçirilməsindən məmnun olduğunu bildirib.
Rusiyada İslamın tarixi barədə fikirlərini söyləyən rektor türk və Qafqaz xalqlarının İslamı qəbul etməsi və bu dinin bölgədə təşəkkül prosesi barədə fikirlərini səsləndirib.
O qeyd edib ki, kitabda Orta əsrlər və müasir Rusiyada İslam tarixi haqqında məlumatları və alimin təhlillərini izləyə bilərik.
A.Şirinov daha sonra vurğulayıb ki, Rusiyada hazırda islamşünaslıq elminin inkişafında xüsusi rolu olan professor Damir Muhetdinovun ərsəyə gətirdiyi bu araşdırma əsəri bu sahədə tədqiqatlar aparan alimlər və tələbələr üçün mənbə rolunu oynayacaq.
Rektor Aqil Şirinov RFMRİ-yə Azərbaycana, xüsusilə 44 günlük Vətən müharibəsi zamanı mənəvi dəstəyinə görə dərin təşəkkürlərini bildirib.
Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, professor Damir Muhetdinov “Rusiyada İslam tarixi” kitabı haqqında təqdimatla çıxış edib. Bildirib ki, altı fəsildən ibarət monoqrafiya dünyanın ən
böyük dinlərindən olan İslamın keçmişini və müasir dövrdəki əsas mərhələlərini aydın şəkildə göstərir.
D.Muhetdinov vurğulayıb ki, monoqrafiyada Rusiya Federasiyası ərazisində dövlətçiliyin ümumi təşəkkülündə və inkişaf prosesində İslam dini vahid və ayrılmaz hissə kimi təqdim olunur. Bu da son nəticədə, müsəlman xalqlarının və onların nümayəndələrinin yaşadıqları geniş ərazilərin Rusiya dövləti tərkibində möhkəmlənməsinə gətirib çıxarıb.
Kitabda İslam tarixinə aid müxtəlif incəsənət nümunələrinin yer aldığını diqqətə çatdıran professor bildirib ki, burada, həmçinin elmi-faktiki sənədlər də öz əksini tapıb.
Sonda professor Damir Muhetdinov Aİİ rektoru, dosent Aqil Şirinova “Rusiyada İslam tarixi” kitabının bir nüsxəsini hədiyyə edib.