Bizi bir-birimizə bağlayan qardaşlıq duyğularıdır – Azərbaycan Könüllüsü (Özəl)

Bizi bir-birimizə bağlayan qardaşlıq duyğularıdır – Azərbaycan Könüllüsü (Özəl)

Bakı. TurkicWorld:

Bizi bir-birimizə bağlayan qardaşlıq duyğularıdır.

TurkicWorld xəbər verir ki, bu barədə AzerVoice-ə, Türkiyəyə yardıma gedən Azərbaycan Könüllüsü Aytac Əliyeva deyib.

“Qardaş ölkə Türkiyədə baş verən zəlzələ bir azərbaycanlı kimi hərbirimizə dərindən təsir edib. Bizi o bölgəyə aparan dostluq və qardaşlıq hissləridir. Ora ayaq basdığımız ilk dəqiqədən - o şəraiti görəndən sonra həqiqətən düzgün qərar verdiyimizi başa düşdük. Zəlzələ bölgəsində əsasən yardım paylamaq, paltar və digər ləvazimatları çeşitləmək kimi fəaliyyətləri yerinə yetirsək də, əsas işimiz azyaşlı uşaqlarla vaxt keçirmək idi. Bölgədə zəlzələdən təsirlənən çox sayda azyaşlı uşaq var idi və onların hər biri ilə maraqlanmaq da psixoloji güc tələb edirdi. ” - deyə Azərbaycan Könüllüsü bildirib.

Aytac Əliyeva qeyd edib ki, zəlzələ bölgəsindəki uşaqlarla işləyərəkən bacardığımız qədər diqqətli olmağa çalışırdıq.

“Azyaşlı uşaqlarla vaxt keçirmək, oyun oynamaq, söhbət etmək bizim üçün çox maraqlı idi. Hər nə qədər çətin olsa da, onlara qarşı olan sevgimizə sevgi ilə cavab verməyə çalışması bizə çox xoş gəlirdi. Bayrağımızın şəklini çəkməyə çalışırdılar, dilimizdə bir neçə söz öyrənmişdilər - bütün bunlar bizim üçün unudulmaz xatirələr idi.” - deyə o bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

"Bir yumruq, bir ürək, bir can" şüarını rəhbər tutaraq qardaş ölkədə zəlzələ bölgələrində bu fəaliyyəti Azərbaycan Könüllülərinin həm müddət, həm də say baxımından mütəşəkkil formada ölkəmizdən kənarda humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi tarixə düşüb. Azərbaycanlı könüllülər zəlzələ bölgəsində çox çətin şəraitin olmasına, dağılmış ərazilərə yetişməyin çətinliklərinə baxmayaraq, uzun yol qət edərək, zəlzələdən zərərçəkənlərin köməyinə çatıb.

Hafiz Rufizoğlu