Son dəqiqə

Qarabağ

Qarabağ Universitetində 10 min tələbə təhsil alacaq

Bakı. TurkicWorld:

Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində bakalavr səviyyəsi üzrə 20 ixtisas üzrə tədris aparılacaq.

TurkicWorld xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini bildirib ki, növbəti mərhələdə 10 istiqamət üzrə ixtisaslar olacaq:

“Həmin universitetdə mərhələli şəkildə 10 min şəxsin təhsil alması nəzərdə tutulur. Universitet ali təhsilin bütün səviyyələri üzrə – bakalavr, magistratura, doktorantura – kadr hazırlığı həyata keçirəcək. Bundan əlavə, elmin müxtəlif sahələri üzrə elmi araşdırmalar, tədqiqatlar aparacaq”.

Xatırladaq ki, ötən il “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalanıb. Sərəncama görə, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.

Nazirlər Kabineti “Qarabağ Universitetinin Nizamnaməsi”ni təsdiq edib. Universitet Xankəndi şəhərində yerləşəcək. Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:

bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;
magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə ayrı-ayrı ixtisas sahələrinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;
doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;
orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi; – elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatların aparılması.

Mövzuya görə xəbərlər