Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya edilib

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya edilib

Bakı. TurkicWorld:

Baş prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Rzayev Namiq İbrahim oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

TurkicWorld xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Belə ki, Bakı şəhəri Nərimanov rayon prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Namiq Rzayevin öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədilən mənimsəmə cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək beynəlxalq axtarışa verilib.

Namiq Rzayev Gürcüstanın ərazisində saxlanılaraq dekabrın 11-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.