Bakı. TurkicWorld:
“Bir çox azərbaycanlı idmançılar kimi, Vüsal Qələndərzadə də əsl döyüşçüdür. Onlar təzyiq altında olsalar da, qarşılaşma zamanı xal və ya penaltilərdə geri qalmaq kimi çətinliklərlə üzləşsələr də, heç vaxt təslim olmurlar və mübarizəni davam etdirirlər”.
İdman.biz xəbər verir ki, bunu Jo Krouli Beynəlxalq Cüdo Federasiyasının rəsmi səhifəsində Odivelas gənclər arasında dünya çempionatı haqqında yazdığı məqalədə bildirib.
Cüdoçu Vüsal Qələndərzadənin çempionatın ikinci günü qazandığı möhtəşəm nailiyyət hər kəsin diqqətini çəkib. İdmançımız finalda amerikalı cüdoçu Cek Yonezuka ilə qarşılaşıb.
İJF-in redaktoru Jo Krouli məqalədə Yonezukanın da bacarıqlarını vurğulayıb: “Cek Yonezuka yapon əsilli olsa da, o, əsl amerikalıdır və yarış zamanı həm parterdə, həm “tachi-waza” bacarıqları ilə fərqlənərək finala vəsiqə qazana bilib. Amerikalı idmançının dünya reytinqində irəliləyişini müşahidə etmək heç də təəccüblü deyil. Hazırda o, böyüklərin sıralamasında 38-ci, gənclər arasında üçüncüdür".
Finalda amerikalı Cek Yonezukan Vüsal Qələndərzadə ilə qarşılaşmalı idi.
Müəllifin sözlərinə görə idmançıların hər ikisi həm diqqətli idilər, həm də görüşün əsas vaxtında çox risk etmirdilər: “Bu müddət ərzində heç kim qalib gəlmədi. Gənclər arasında hazırkı Avropa çempionu Qələndərzadə növbəti qələbəsini təmin etmək əzmindədir, Yonezuka isə bütün diqqətini onu aşağı salmağa cəmləmişdir. Görüşün əlavə vaxtında 10 saniyədən sonra Qələndərzadə “seoi-nage” adlı hərəkət etdi. O, Yonezukanın altına keçərək onu kürəyinə çevirməyi bacardı və ippon ilə qalib gəldi. Bu, Vüsal Qələndərzadə üçün layiqli qələbə idi və 2028-ci ildə Los-Ancelesdə ABŞ bayrağını daşıyacaq idmançıların gələcək nəslini təmsil edən Cek Yonezuka üçün layiqli gümüş medal idi”.