Bakıda “Xətt Sənəti” xəttatlıq sərgisi keçiriləcək

Bakıda “Xətt Sənəti” xəttatlıq sərgisi keçiriləcək

Bakı. TurkicWorld:

Sabah saat 19:00-da Bakıda Türkiyənin ALBAYRAK Qrupu ilə TREND BİA-nın ortaq təşkil etdiyi "Xətt Sənəti" xəttatlıq sərgisi keçiriləcək.

TurkicWorld xəbər verir ki, sərgidə ümumilikdə 40-dan çox müxtəlif xəttatlıq sənəti nümunələri təqdim olunacaq.

Milli İncəsənət Muzeyində keçiriləcək açılışda Türkiyənin Azərbaycandakı rəsmi təmsilçiləri ilə yanaşı, ALBAYRAK Qrupuna daxil olan ALBAYRAK "Media Satış və Marketinq"in baş direktoru Abdullah Hanönü, ALBAYRAK Qrup Korporativ Kommunikasiyalar koordinatoru Esad Sivri, Azərbaycan millət vəkilləri iştirak edəcək.

Sərgi zamanı iştirakçılara xəttatlıq sənəti haqqında məlumat verilməklə yanaşı, əsərlərin azərbaycanca tərcüməsi də təqdim ediləcək.

Sərgidə Azərbaycan milli musiqi tarixində ney ifaçısı kimi bir çox ilklərə imza atmış Azərbaycan Respublikasının Əməkdar artisti İlham Nəcəfovun ney ifası da təqdim olunacaq.

Qeyd edək ki, İslam sivilizasiyasının zəngin mədəni irsinin bir parçası olan xəttatlıq sənəti keçmişdən bu günə qədər ənənəvi sənətlər arasında özünəməxsus yerini qoruyub saxlayır. ALBAYRAK Qrupu hər il fərqli bir mövzu ətrafında xəttatlıq əsərlərini bir araya gətirərək, gənc sənətsevərlərlə ustad xəttatları bir araya gətirməyə davam edir.

Sərgi oktyabrın 15-dək ziyarətçiləri qəbul edəcək.