Azad edilmiş ərazilərdə yeni kütləvi məzarlıqların aşkar ediləcəyi gözlənilir - İsmayıl Axundov

Azad edilmiş ərazilərdə yeni kütləvi məzarlıqların aşkar ediləcəyi gözlənilir - İsmayıl Axundov

Bakı. TurkicWorld:

Apardığımız təhlillər işğaldan azad edilmiş ərazilərimizdə yeni kütləvi məzarlıqların aşkar ediləcəyini göstərir.

TurkicWorld xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

Onun sözlərinə görə, insanların işgəncələrlə öldürülərək kütləvi halda basdırılması və izlərinin itirilməsi, bütün insani dəyərlərə, hamılıqla qəbul edilmiş humanitar normalara hörmətsizlikdir:

“Bu gün burada nüfuzlu və dəyərli insanların, dövlət və ictimai xadimlərin iştirakı ilə keçirilən beynəlxalq tədbirdə biz itkin düşmüş Azərbaycan vətəndaşları, onların basdırıldığı kütləvi məzarlıqlar, həmçinin mina xəritələri barədə məlumatların Azərbaycan tərəfinə təqdim olunmasnı Ermənistan hökumətindən tələb edirik. İtkin düşmüş şəxslər problemi yalnız Azərbaycan üçün deyil, qlobal mahiyyət daşıyan aktual problemdir. Hesab edirik ki, BMT bu sahəyə bir daha diqqət ayırmalı və qurumun itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisi təyin edilməlidir”.

Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən, humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib.