Vaqif Poeziya Günlərinin iştirakçıları Şuşanın tarixi-mədəni məkanlarında

Vaqif Poeziya Günlərinin iştirakçıları Şuşanın tarixi-mədəni məkanlarında

Bakı. TurkicWorld:

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri iyulun 14-də Şuşada davam edir.

TurkicWorld-un Şuşaya ezam olunan müxbirin məlumatına görə, Vaqif Poeziya Günlərinin iştirakçıları tədbir çərçivəsində “Türk dünyasının mədəniyyət paytaxtı”nda tarixi məkanları ziyarət ediblər.

Ekskursiya Milli Xalça Muzeyinin Şuşa filialından başlayıb. Burada qonaqlara Milli Xalça Muzeyinin Şuşa filialında sərgilənən sənət əsərləri barədə məlumat verilib. Bildirilib ki, qədim Qarabağ torpağının ruhunu, əsərlər burada yaşayıb-yaratmış insanların, o cümlədən sənətkarların həyat və məişətini, estetik zövqünü, bədii dünyagörüşünü duymağa imkan yaradır.

Sonra qonaqlar Heydər Əliyev Fondu tərəfindən bərpa işləri aparılan Saatlı məscidində olublar. Onlara məlumat verilib ki, burada konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun aparılır. İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılır.

Həmçinin qonaqlar Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yuxarı Gövhər Ağa məscidini ziyarət edib, məscidin ərazisindəki mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” sərgisi ilə tanış olublar.