Ermənistan Azərbaycanın mövqeyi ilə hesablaşmağa məcburdur- Fazil Mustafa (ÖZƏL)

Ermənistan Azərbaycanın mövqeyi ilə hesablaşmağa məcburdur- Fazil Mustafa (ÖZƏL)

Bakı TurkicWorld

ABŞ-da təşkil olunan bu görüşlər müəyyən nəticəyə aparan görüşlərdir. Amma burada Rusiya faktorunu da diqqətdən kənar saxlamaq olmaz. Çünki bu prossesin irəliləməsinə Rusiyanın nə dərəcədə maneə olub və ya dəstək verməsi əhəmiyyətli rol oynayacaq.

TurkicWorld xəbər verir ki, bu sözləri saytımıza özəl açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, ABŞ tərəfindən atılan addımlar müəyyən dərəcədə, həm də təşəbbüsün götürülməsi deməkdir:

“Rusiya isə bu təşəbbüsün başqa dövlətlər və ya birliklər tərəfindən götürülməsinə maraqlı görünmür. Qərbin Ermənistan üzərində təsirləri də böyükdür və onların bu istiqamətdə Ermənistana təsir göstərməsi müəyyən situasiyanı da dəyişə bilər. Bütün hallarda məsələ müzakirə olunmalıdır. Müzakirələr nəticəsində müəyyən məqamlar ortaya çıxacaq. ABŞ-da da əsasən mövqelərin müzakirəsi gedir. Təkliflər səsləndirilir və o təkliflər nəticəsində də ortaq bir nöqtəyə gəlmək üçün variantlar düşünülür. Hələ ki, konkret nəticələr yoxdur, fikir mübadiləsidir. Hər hansı bir sənəd ətrafında da müzakirə edildiyi görünmür”.

O qeyd edib ki, bu görüşlər hər hansı bir nəticəyə təsir edə biləcək əhəmiyyətli bir başlanğıcdır:
“ Bu proses hər halda bütün platformalarda davam edəcək. Zamanı gəldiyində danışıqlar nəticəsində bu məsələlərin həll olunması mümkündür.

Biz bunu həll edəcəyik. Məsələnin konkret yekunu haqqında bir nəticə ortaya qoymaq çox çətindir. Hər halda biz bu istiqamətdə addımlar atır və düşünürük. Azərbaycan tərəfi olaraq fikirlərimizi gündəlik ortaya qoymağa çalışmalıyıq ki, prinsipial mövqeyimizdən geri çəkilməyək. Ermənistan isə hansı şərtlərdə sülh müqaviləsinin imzalanmasına razılıq verəcəksə, o şərtlər əsasında da öz uğur qazanma istiqamətimizi düşünəcəyik. Çünki bizim üçün sülh müqaviləsinin gecikməsi Ermənistandan daha az təhlükəlidir. Ermənistanın taleyini həll edə biləcək məsələdir. Qarabağ üzərində nəzarəti bərpa etdikdən sonra artıq ermənistanın müəyyən dərəcədə əlində olan silahlar azalmağa başlayır və məcburdur ki, Azərbaycanın mövqeyi ilə hesablaşsın. Hesab edirəm ki, bu danışıqlar bir neçə dəfə də davam edəcək və o zaman yekun nəticəyə gəlmək barədə düşünmək mümkün olacaq”,- deyə Fazil Mustafa vurğulayıb.

Mehriban Xəlilli