Son dəqiqə

Hikmət Babaoğlu Özəl

Cənab Prezidentimizin Şuşadan bir daha bütünlüyə mesaj verməsi Azərbaycanın ərazi bütövlüyü baxımından böyük bir hadisə kimi yadda qaldı - Hikmət Babaoğlu (ÖZƏL)

Bakı. TurkicWorld:

Cənab Prezidentimizin Şuşadan bir daha bütünlüyə mesaj verməsi Azərbaycanın ərazi bütövlüyü baxımından böyük bir hadisə kimi yadda qaldı.

Bu sözləri, TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

"Azərbaycan Prezidentinin Qarabağa və Şərqi Zəngəzura növbəti səfəri Azərbaycan xalqının tarixində böyük qayıdışın yeni bir mərhələsi kimi yadda qaldı. Xüsusən, Ağdamda, Cəbrayıl rayonu ərazisində-İranla sərhəddə yeni kəndlərin, qəsəbələrin, yeni strateji obyektlərin bünövrəsinin qoyulması, eyni zamanda Şuşadan bir daha bütünlüyə mesaj verilməsi xalqımızın gələcəyi baxımından, Azərbaycanın ərazi bütövlüyü baxımından böyük bir hadisə kimi yadda qaldı", - deyə deputat bildirib.

Hikmət Babaoğlu qeyd edib ki, bütün dünyanın gözünün qabağında 30 il ermənilərin işğal altında saxladığı və "bu torpaqlar bizimdir" deyə iddia etdiyi torpaqlarda ermənilər daşı daş üstünə qoymamışdılar. Həm məcazi mənada, həm də sözün birbaşa mənasında. Onlar bizim olanı dağıtmışdılar, özləri isə heç bir iş görməmişdilər. Bu o deməkdir, torpaqların onların olmadığını özləri də dərk edirdilər. Amma bu gün Qarabağ və Şərqi Zəngəzur torpaqlarının həqiqi sahibləri qayıdıb. Böyük şövqlə, böyük yaradıcılıq ruhu ilə biz ölkəmizi abadlaşdırırıq, qururuq, yaradırıq.

"Vətənimizin, tarixi torpaqlarımızın işıqlı gələcəyi üçün Azərbaycan dövləti çox mühüm strateji layihələr həyata keçirməklə həm də böyük qayıdışımızın yeni mərhələsinə başlamış olur ki, bu da Azərbaycanın güclənməsi, inkişaf etməsi baxımından, iqtisadi baxımından, qida təhlükəsizliyi, hərbi-strateji təhlükəsizliyi baxımından özünün milli maraqlarını təmin etməsi üçün yeni bir addımdır, yeni bir mərhələdir", - deyə Milli Məclisin deputatı vurğulayıb.

Mövzuya görə xəbərlər