Son dəqiqə

Azərbaycan Türkiyə Ermənistan Hikmət Babaoğlu

Ermənilər qondarma “soyqırım” ifadəsini işlətməklə, Türkiyəyə qarşı ərazi iddiaları irəli sürmək istəyirlər- Hikmət Babaoğlu (ÖZƏL)

Bakı. TurkicWorld:

Ermənilər qondarma “soyqırım” ifadəsini işlətməklə, Türkiyəyə qarşı ərazi iddiaları irəli sürmək istəyirlər.

Bu sözləri, TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

"Tarixdə heç bir zaman türklər tərəfindən ermənilərə qarşı soyqırım törədilməyib. Tam əksinə 1914-1918-ci illərdə Osmanlı imperiyasının çöküşü zamanı fransızların, Çar Rusiyasının köməyi ilə Türkiyənin şərqində və cənub-şərqində, eyni zamanda, Azərbaycanda və Cənubi Azərbaycanda ermənilər təşkilatlanaraq türklərə və müsəmanlara qarşı soyqırımı törədiblər. Hazırda isə bu hadisəni tam əks şəkildə beynəlxalq ictimaiyyətə təqdim etməklə, ermənilər özlərini əzilmiş millət kimi göstərməyə çalışırlar. Əslində isə onların məqsədi, Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etməkdir. Məhz bu səbəbdən çox ciddi cəhdlərlə bunu dünyaya qəbul etdirməyə çalışırlar. İstəyirlər ki, beynəlxalq cəmiyyət bu "qondarma soyqırımı" qəbul etsin və ermənilər Türkiyədən təzminat alsınlar. Guya ki, onların nəsilləri qayıdıb öz tarixi vətənlərində -Türkiyənin şərqində və cənub-şərqində yaşasınlar. Gələcəkdə isə Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etsinlər", - deyə deputat bildirib.

Hikmət Babaoğlu vurğulayıb ki, əlbəttə, ermənilərin bu yalanlarına heç kəs inanmır, amma özlərini inandırmaq istəyən, inanmış kimi göstərən Türkiyəfob və islamafob mərkəzlər də az deyildir. Bu mərkəzlər bir sıra qərb dövlətlərində rəsmi siyasəti həyata keçirən şəxslər və ya qruplardır. Onlar ermənilərə dəstək verir və onların bu yalanını Türkiyəyə qarşı populyar təbliğat vasitəsi kimi təzyiq şəklində istifadə edirlər. Təbii ki, həmin mərkəzlər də Türkiyənin böyüməsini istəmirlər, inkişafını dəstəkləmirlər və Türkiyəni Avropa Birliyinə qəbul etmək istəmirlər. Bunlara baxmayaraq, qardaş Türkiyə Cümhuriyyəti hər zaman bildirir ki, arxivlər araşdırma aparmaq istəyən bütün alim və tədqiqatçıların üzünə açıqdır.

"Biz, Azərbaycan xalqı ermənilər tərəfindən ölkəmizin şimalında millətimizə qarşı törədilən soyqırımların acı nəticələrini bugün də yaşayırıq. Çoxsaylı kütləvi məzarlıqlar aşkar edilib. Şamaxıda, Qubada, Lənkəranda, o cümlədən, Cənubi Azərbaycanda, Xoyda, Makuda, Səlmasda, Ərdəbildə hətta Təbrizdə. Nəticə olaraq, mən düşünürəm ki, ermənilərin bu əsassız iddialarına qarşı Azərbaycan və qardaş Türkiyə beynəlxalq sferada həmişə olduğu kimi, bugün də birlikdə, sinxron hərəkət etməklə onların yalanını təkzib edir", - deyə deputat qeyd edib.

Mövzuya görə xəbərlər