Bakı, TurkicWorld:
İşğaldan azad edilmiş ərazilərin yaşıl enerji potensialı kifayət qədər yüksəkdir, bu barədə AzerPress-ə özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
“İşğaldan azad Qarabağ və Şərqi Zəngəzur əraziləri intensiv şəkildə bərpa olunur və yenidən qurulur. Nəzərə alsaq ki, 2021 və 2022-ci illərdə işğaldan azad olunmuş ərazilərimizin bərpasına 6,5 milyard manat vəsait ayrılıb, bu ilin ilk rübündə bu istiqamətə yönələn vəsaitin həcmi 1 milyard manatdır. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidən qurulmasına ən azı 3 milyard manat vəsait ayrılacağı gözlənilir. İlk mərhələdə çox intensiv şəkildə nəqliyyat, logistikanın formalaşması, eyni zamanda kommunal xidmətlərlə bağlı mərkəzi şəbəkənin yaradılması həyata keçirildi və həmin ərazilərimizin 30 illik Ermənistan işğalı nəticəsində tamamilə dağıdılması səbəbindən bu proseslər hələ də davam edir. Bu baxımdan, əsas məqsəd məhz daha qısa zamanda məskunlaşmaya nail olmaqdır. Artıq 2022-ci ildə vətəndaşlarımızın ilk məskunlaşması Zəngilanın Ağalı kəndində n reallaşdı. Bu proses həmçinin, Laçında da həyata keçiriləcək. Artıq Füzuli, Ağdam və digər bir sıra yaşayış məntəqələrimizdə məskunlaşma üçün bir sıra intensiv işlər həyata keçirilir və 2024-cü ilin əvvəllərində Füzuli və Ağdamda məskunlaşma həyata keçiriləcəyi gözlənilir”, - deyə V. Bayramov əlavə edib.
Millət vəkilinin sözlərinə görə, bütün bunlar həmin ərazilərdə iqtisadiyyatın formalaşmasına imkan yaradır.
“Digər tərəfdən isə vergi məcəlləsinə edilən dəyişiklik həmin ərazilərimizdə investisiya yatırımını artıracaq və sərmayə qoyuluşu üçün müraciət edən şirkətlərin növbəti 10 il müddətində vergidən azad edilməsinə gətirib çıxaracaq. Bu, həmçinin, investisiya yatırımı edəcək şirkətlər üçün də ciddi bir imkandır”, - deyə o qeyd edib.
V.Bayramov qeyd edib ki, bütün bunlar işğaldan azad olunmuş ərazilərimizdə iqtisadiyyatın daha qısa zamanda formalaşmasına imkan yaradacaq.
“Təbii ki, burda digər mühüm məqamlarda biri yaşıl iqtisadiyyatın formalaşmasıdır, çünki Cənab Prezident İlham Əliyev tərəfindən verilən əsas göstərişlərdən biri də məhz işğaldan azad olunmuş ərazilərimizdə yaşıl enerjidən istifadə edilməsi ilə bağlıdır. Həmin ərazilərimizin yaşıl enerji potensialı kifayət qədər yüksəkdir. Bütöv Azərbaycanın su ehtiyatlarının 1/4-dən çoxu işğaldan azad olunmuş ərazilərimizin payına düşür ki, bu da hidroenerji imkanlarının kifayət qədər geniş olmasının göstəricisidir”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, bu ərazilərimizdə hidroenerji imkanları ilə yanaşı, günəş və külək enerjisi üçün də imkanlar var.
“Bu gün ağıllı şəhər, ağıllı kənd layihəsinə uyğun olaraq qurulan yaşayış məntəqələrimiz də məhz yaşıl enerji ilə təmin olunur və təmin olunmağa davam edəcək. Ona görə də Qarabağ və Şərqi Zəngəzurda əsas prioritet məsələlərdən biri də yaşıl iqtisadiyyatın formalaşmasıdır. Bu gün həmin ərazilərimizdə iqtisadiyyatın formalaşması ilə inteqrasiya prosesində enerji sektorunda həyata keçirilən sərmayə qoyuluşları Qarabağ və Şərqi Zəngəzurda, eləcə də məskunlaşma və daha sonrakı mərhələlərdə yalnız yaşıl enerjidən istifadə olunmasına imkan verəcək”, - deyə Vüqar Bayramov vurğulayıb.