Son dəqiqə

Azərbaycan İran Xəyal Bəşirov

Azərbaycanın Qarabağ zəfəri regionda bir sıra qüvvələri, o cümlədən İranı narahat edir – Xəyal Bəşirov

Bakı, TurkicWorld:

Azərbaycanın Qarabağ zəfəri regionda bir sıra qüvvələri, o cümlədən İranı narahat edir, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Xəyal Bəşirov bildirib.

“II Qarabağ müharibəsində Azərbaycanın qələbəsi, onun regionda formalaşdırdığı yeni reallıqlar uzun illər ərzində regionla bağlı formalaşmış gizli mətləblərin üstünü açdı. Bunlardan biri də Azərbaycanın illər ərzində dostluq münasibəti bəslədiyi, normal qonşuluq siyasətinə üstünlük verdiyi İranın Azərbaycana qarşı yürütdüyü siyasətin əsl çalarları ilə bağlıdır. Bu illər ərzində daha da aşkar şəkildə məlum oldu ki, İran işğal prosesi ilə bağlı Ermənistan və Azərbaycanla münasibətdə tamamilə fərqli siyasət yürüdüb. İrana dost münasibəti sərgilədiyimiz dönəmdə İran Azərbaycanda müxtəlif üsullarla casus şəbəkələri formalaşdırıb və təbii ki, bu şəbəkələrə külli miqdarda vəsait cəlb edib. Ən təhlükəli məqamlardan biri də odur ki, İran həmin casus şəbəkələrindən gələcəkdə öz planlarını həyata keçirmək üçün hətta öz səfirliyinin əməkdaşlarının, səfirin özünün belə nəqliyyat vasitələrindən istifadə etmək niyyətini ortaya qoyub”, - deyə politoloq əlavə edib.

Onun sözlərinə görə, İranın təkcə Azərbaycan xalqına deyil, ümumilikdə islam dünyasına qarşı bir sıra cinayətlər törətmiş Ermənistanla münasibətlərini günü-gündən yaxınlaşdırması əslində İran İslam Respublikasının adında olan islamın mahiyyəti ilə tamamilə ziddir.

“Ermənistan 30 il ərzində təkcə Azərbaycan ərazilərini deyil, dini tarixi məbədlərimizi, müsəlman dünyası üçün ən müqəddəs yer hesab olunan məscidlərimizi təhqir altında saxlayıb və Azərbaycan buna son qoydu. İran bu məsələ ilə bağlı Azərbaycana dəstək olmaq əvəzinə, əksinə, sərhədlərimizin toxunulmazlığını pozaraq Xankəndinə və ermənilərin digər yaşadığı ərazilərə qanunsuz yük və digər vasitələr daşıdı, Qafanda konsulluq açdı, İranın rəsmi şəxsləri Azərbaycan haqqında əsassız ittihamlar səsləndirdi. Azərbaycanın İrandakı səfirliyinə qarşı diplomatik terrorun törədilməsi və bu kimi digər amillər İranın Azərbaycana münasibətini açıq şəkildə ortaya qoydu”, - deyə X.Bəşirov bildirib.

Politoloqun sözlərinə görə, İran səfirlərinin İrəvana uzunmüddətli səfərlərinin təşkil edilməsi, Ermənistanın İranın qırmızı xətti olması ilə bağlı fikirlərin səsləndirilməsi bir daha sübut edir ki, İran Azərbaycan və Ermənistanla siyasətində aşkar fazaya keçib və illərlə gizlin həyata keçirdiyi siyasəti artıq açıq şəkildə bəyan etməkdədir.

“İranın II Qarabağ müharibəsi və ondan sonrakı zamanlarda media qurumlarının Azərbaycan əleyhinə dezinformasiyalar yaymaları bu planın tərkib hissəsidir. İranın yürütdüyü bu siyasət nə İran dövlətinin, nə də xalqının maraqlarına cavab vermir, bu siyasət yalnız hansısa qüvvələrin və hazırkı rejimin uzadılmasına xidmət edir”, - deyə o əlavə edib.

Politoloq bildirib ki, İran bu gün idarəçilikdə özünün islam modelini yaradıb və bu islam modelindən ayrı-ayrı dövlətləri İslama xidmət etməməklə ittiham edir.

“Bu gün Azərbaycanda casus şəbəkələrinin formalaşdırılması və gələcəkdə ondan Azərbaycan dövlətçiliyinə qarşı istifadə edilməsi ondan xəbər verir ki, İran Yaxın və Orta Şərqə münasibətdə Suriya, İraq, Livan və bir sıra digər dövlətlərə münasibətdə yürütdüyü siyasəti həm də Azərbaycana qarşı da yürütmək niyyətinddədir”, - deyə X.Bəşirov vurğulayıb.

Mövzuya görə xəbərlər