Səfirliyin açılması Azərbaycan və İsrail arasında əməkdaşlığın inkişafı baxımından önəmli addımdır - Ceyhun Bayramov

Səfirliyin açılması Azərbaycan və İsrail arasında əməkdaşlığın inkişafı baxımından önəmli addımdır - Ceyhun Bayramov

Bakı. TurkicWorld:

Son 30 ildə İsrail və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələr inkişaf edib.

TurkicWorld-un məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşdən sonra mətbuata bəyanatla çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Azərbaycan və İsrail xüsusilə də təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində fəal əməkdaşlıq edir.

"Azərbaycanın İsraildə səfirliyinin açılması barədə qərar ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində önəmli addım oldu", - deyə C.Bayramov əlavə edib.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.

Səfər çərçivəsində 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.