TDT-nin növbəti Zirvə görüşü bu ilin oktyabr ayında Qazaxıstanda keçiriləcək

TDT-nin növbəti Zirvə görüşü bu ilin oktyabr ayında Qazaxıstanda keçiriləcək

Bakı. TurkicWorld:

Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə görüşü bu ilin oktyabr ayında Qazaxıstanda keçiriləcək.

TurkicWorld xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, təşkilatın onuncu yubiley sammiti Türküstan şəhərində keçiriləcək. Bu müddət ərzində bir sıra əlamətdar tədbirlərin keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilir. Bu tədbirin Ankarada keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Belə ki, daha əvvəl Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.