Avropa Ermənistana casus və hərbçilər yollayır: İrəvan uduzacağı oyuna başlayıb

Avropa Ermənistana casus və hərbçilər yollayır: İrəvan uduzacağı oyuna başlayıb

Bakı. TurkicWorld:

Avropa İttifaqınn Ermənistandakı mülki missiyası (European Union Mission in Armenia, EUMA) artıq fəaliyyətə başlayıb. Missiyanın mülki personalının ümumi sayı 102 nəfərdir ki, onların 53 nəfəri "silahsız müşahidəçilər"dir.

Almaniyanın Ştutqart şəhərinin sabiq polis rəisi Markus Ritter EUMA-nın rəhbəri, Aİ-nin mülki planlaşdırma və proseslər üzrə xarici əlaqələr xidmətinin icraçı direktoru Stefano Tomat isə EUMA-nın mülki əməliyyatlar komandanı təyin edilib.

EUMA müşahidəçiləri Azərbaycanla Ermənistan arasındakı mübahisəli dövlət sərhədində ilk patrul-müşahidə əməliyyat keçiriblər.

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrelin dediyinə görə, "EUMA bölgədə insanların təhlükəsizliyinin təminatı, qarşılıqlı etimadın artırılması və Ermənistanla Azərbaycan arasındakı sülhün əldə edilməsinə yönəlmiş prosesdə Avropa İttifaqının səylərinin dəstəklənməsinə töhfə verəcək".

Missiyanın qərargahı Dərələyəzin Keşişkənd şəhərində (Yexeqnadzor) yerləşir.

Avropa İttifaqının rəsmiləri və prosesə rəhbərlik edən funksionerlərin bəyanatlarına inansaq, sözügedən missiya "Cənubi Qafqazdakı vəziyyəti stabilləşdirmək üçün Avropa İttifaqının fəaliyyətinin yeni mərhələsi"dir.

Yenə də rəsmi açıqlamalara görə, EUMA daimi patrul-müşahidə və situasiya ilə bağlı məruzələr hazırlamaqla "burada yaranmış vəziyyətlə bağlı Avropa İttifaqındakı təsəvürləri yaxşılaşdıracaq, habelə Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçilik missiyasına töhfə verəcək".

Göründüyü kimi, avroməmurların çoxsaylı bəyanatlarında və açıqlamalarında EUMA missiyası az qala bölgədəki vəziyyəti dalandan çıxaracaq yeganə vasitə, problemlərin həllinin ən effektiv ünsürü və hətta Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına ciddi təkan kimi təqdim olunur.

Sadəcə, bir fakt: EUMA ilə bağlı avroməmurların son 17 gündə yaydıqları 97 (!) açıqlamada Brüsselin İrəvana yolladığı missiya barədə "töhfə" kəlməsi yer alıb.

Gerçəkdənmi, EUMA problemlərin həllində ciddi, alternativi hələlik mövcud olmayan və tərəfləri danışıqlarda fəal olmağa mövq edəcək missiyadır?

Əfsuslar olsun ki, avroməmurların ekstatik nikbinliyini bölüşə bilmirik, bilmərik də. Səbəb çox bəsitdir: EUMA Avropa siyasətinin "ölü doğulmuş körpə"sidir. Üstəlik, missiyanın fəaliyyəti, mahiyyəti, məqsədləri və s. barədə diplomatik kazuistika ruhundakı söz yığınının altında Brüsselin gizlətməyə çalışdığı reallıqlar var.

Belə ki, EUMA missiyasının tərkibində hələlik 48 hərbçi, polis və jandarm var.

Onların bir qismi Fransa Milli Jandarmeriyasının, bir qismi isə Almaniya, Hollandiya, Belçikanın hərbçiləridir.

Fransada Jandarmeriyanın ölkənin Müdafiə Nazirliyinin tərkibindəki struktur olduğunu xatırlasaq, Ermənistana göndərilmiş hərbçilər adi asayiş keşikçiləri və ya orta statistik jandarmlar deyillər.

Onlar radioelektron kəşfiyyat və mübarizə, topoqrafiya, radiolonqasiya, pelenq və lokasiya, məsafəli idarəetməli hədəftəyinetmə və s. üzrə mütəxəssislərdir.

Missiyanın heyətinin sonradan təqribən 200 nəfərə çatdırılması nəzərdə tutulub ki, indiki heyətdə hərbçilərlə "silahsız mülki müşahidəçilər" arasındakı mövcud nisbəti nəzərə alaraq, yenilənmiş tərkibdə ən azı 100 hərbçi və kəşfiyyatçının olması bəsit ehtimaldır.

Bundan başqa, EUMA missiyası bölgədəki vəziyyətin mürəkkəblik səviyyəsini azaltmaq əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.

Hadisələrin cərəyan məcrası buna dəlalət edir.

Xatırladaq ki, məhz Fransanın "təklif"lərindən və israrlı təkidlərindən sonra Ermənistanla Avropa İttifaqınının EUMA macərası ötən ilin sentyabrında Ermənistan Müdafiə Nazirliyinin hərbi birləşmələrinin mübahisəli sərhəddəki postlarımıza hücumundan və Azərbaycanın da ağır cavab zərbələrindən sonra başlamışdı.

Rəsmi Brüssel Ermənistana kiçik müşahidə dəstəsi yollayaraq bəyan etmişdi ki, məqsədi "qanlı döyüşlərdən soqnra yeni toqquşmaların qarşısını almaqdır".

Sözügedən missiyanın fəaliyyət müddəti kimi iki ay, yəni 60 sutka göstərilmişdi: hər halda Ermənistanı "qorumaq" üçün hazırlanmış avantüranın müəllifi Fransa kölgəyə çəkilərək avroməmurlara belə dedirtmişdi.

Bir qədər keçdi, əvvəlcə Fransa parlamentinin 4 deputatı, daha sonra 3 senator, sonda parlamentin spikeri bəyan etdilər ki, Avropa İttifaqının Ermənistana yolladığı missiyanın fəaliyyəti "lonqasiyaya uğradıla bilər", yəni vaxtı uzadıla bilər.

Eyni zamanda, missiyanın heyətinin genişləndiriləcəyi də vurğulandı.

Bir qədər keçdi, Avropa İttifaqının Gürcüstandakı böhran və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar təcili İrəvana yollanaraq Nikol Paşinyanla "missiya ilə bağlı bəzi detalları" razılaşdırdı.

Halbuki, EUMA rəsmi Brüsselin vasitəçiliyi və Şarl Mişelin moderatorluğu ilə Azərbaycanla Ermənistan arasında aparılmış müzakirələrin məzmumuna, danışıqların ilkin nəticələrinə və əldə edilmiş razılaşmaların ruhuna kökündən ziddir.

Ötən ilin oktyabrında Praqada Avropa Şurası, Azərbaycan, Ermənistan və Fransa arasında keçirilmiş dördtərəfli danışıqların sonucu belə missiyanı ümumiyyətlə istisna edir.

Çünki missiya ilə bağlı Azərbaycanın razılığı labüd və aksiomatik şərt olsa da, EUMA üçün Bakının mövqeyi faktiki olaraq nəzərə alınmadı. Belə razılıq olmadığı üçün də missiyanın məruzələrinin obyektivliyi və fəaliyyətinin məhsuldarlığı çox ciddi şübhələr doğurur.

"Cənubi Qafqazda qırmızı cizgilər" barədə bəyanatlar verməyi çox sevən rəsmi Tehran isə çox qəribə mövqe tutaraq şimal sərhədində avropalı jandarmların və hərbçilərin məskunlaşmasını zahirən soyuqqanlıqla qarşılayır.

Digər regional geosiyasi oyunçu Rusiyaya gəldikdə isə Kremlin son bəyanatları yetərincə sərtdir.

Rəsmi Moskva EUMA missiyasını bölgədəki vəziyyəti stabilləşdirmək əvəzinə daha da gərginləşdirməyə yönəlmiş addım hesab edir.

Rusiya XİN-nin sözçüsü Mariya Zaxarovanın olayla bağlı açıqlamasını yada salaq: "Avropa İttifaqının bu missiya ilə bağlı qərarı Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasına yönəlmiş prosesə müdaxilə edərək yer almaq, Rusiyanın vasitəçilik səylərini məhdudlaşdırmaq cəhdidir".

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə söyləmişdi: "Tarix göstərir ki, Avropa İttifaqının sülhməramlı missiyaları əfsuslar olsun ki, real nizamlanma ilə nəticələnməyib. Əminik ki, bölgədə uzunmüddətli sülhün və dayanıqlı stabilliyin bərqərar olması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması yolu Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatdan keçir".

Rusiyalı analitiklər hesab edirlər ki, Ermənistanın baş naziri Nikol Paşiyan Fransa prezidenti Emmanuel Makrondan aldığı təlimatları yerinə yetirərək 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən fəaliyyət göstərən rusiyalı sülhməramlıların bölgədən çıxarılmasına, onların rəsmi Parisin diqtəsi ilə formalaşacaq heyətdən ibarət "beynəlxalq sülhməramlı kontingent"lə əvəzlənməsinə can atır.

Moskvadan İrəvana ünvanlanan xəbərdarlıqlar isə artıq ultimativ formalar alır. Belə ki, əgər oktyabrda, EUMA ilə bağlı niyyətlər açıqlananda rusiyalı siyasətçi Frans Klintseviç "Ermənistanın belə oyunları və Rusiyanı aldatmağa cəhd göstərərək Qərbin şərtləri ilə oynaması İrəvan üçün faciəyə çevrilə bilər" demişdisə, bu günlərdə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin açıq söylədi: "Bəzi dövlətlərin Rusiya ilə vədlər oyunu apararaq Avropa İttifaqı qarşısında əyilməsi onların ümumiyyətlə dövlətçiliklərini itirməsi ilə nəticələnə bilər".

Fransanın təhriki və birbaşa rəhbərliyi ilə Ermənistan çox təhlükəli oyuna başlayıb. İrəvan belə "geosiyasi preferans"da təcrübəsiz və naşı olduğu üçün sonucu indidən təxminləmək çətin deyil.

Elçin Alıoğlu