Azərbaycan və Türkiyənin qardaşlığı artıq bütün dünyada qəbul edilən xüsusi dövlətlərarası münasibətə çevrilib - Şahin İsmayılov

Azərbaycan və Türkiyənin qardaşlığı artıq bütün dünyada qəbul edilən xüsusi dövlətlərarası münasibətə çevrilib - Şahin İsmayılov

Bakı. TurkicWorld:

Azərbaycan və Türkiyənin qardaşlığı artıq bütün dünyada qəbul edilən xüsusi dövlətlərarası münasibətə çevrilib. Müasir tariximizə nəzər salsaq "Bir millət, iki dövlət" prinsipi ilə yaxşı və pis olmasından asılı olmayaraq bütün məsələlərdə bir olmağı bacarmışıq. Bu dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmaqla yanaşı xalqlararası rəğbətdən asılıdır və hər iki dövlətin ali rəhbərliyinin mövqeyi, uğurlu siyasətinin nəticəsidir.
Fevralın 6-da qardaş Türkiyədə baş verən zəlzələ Azərbaycan xalqını da çox sarsıtdı. Cəmiyyət bu hadisəni öz acısı kimi yaşadı. Hadisədən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə dövlət səviyyəsində humantitar yardım edildi. Azərbaycanın verdiyi dəstək istər xilasedicilərin, istər xüsusi texnikaların, istərsə də lazım olan qida və digər yardımların göndərilməsini əhatə edirdi. Prezident çıxışında bundan sonra da lazım olan hər cür yardımın ediləcəyini vurğuladı. Azərbaycan dövləti və Azərbaycan xalqının reaksiyası qardaş türk xalqı tərəfindən də sevgi ilə qarşılandı. Azərbaycan xalqının səfərbər olması ilə bağlı xəbərlər Türkiyə mediasında da geniş yer aldı. Azərbaycan xalqının nümayiş etdirdiyi birlik hər iki ölkə cəmiyyətini qürurlandırdı.

Azərbaycan-Türkiyə qardaşlığı dərin tarixə malikdir. Vətən müharibəsində qardaş ölkənin göstərdiyi dəstək göz qabağında idi. Şanlı qələbəmizdən sonra imzalanan Şuşa bəyannaməsi isə iki ölkə arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə çatdırdı. Son zamanlarda baş verən proseslər hər iki ölkənin əlaqələrinin günbəgün inkişaf etməsini şərtləndirdi. Azərbaycan-Türkiyə qardaşlığı türk dünyasında birliyin möhkəmləndirilməsi, daha çox təşkilatlanması baxımından da böyük rol oynadı.

Türk dünyası hal-hazırda dövrünün ən acı günlərini yaşayır. Bununla yanaşı nümayiş olunan birlik bütün türk dünyasını və onların dostlarını qürurlandırır. Əminik ki, bunun öhdəsindən qısa zaman ərzində gələcək və türk dünyasında olan birliyin daha da gücləndirilməsi və türk dünyasının daha firavan yaşamasının şahidi olacağıq. Azərbaycan və Türkiyə dövlətlərinin rəhbərlərinin həyata keçirdiyi düzgün siyasət, xalqların birliyi buna inam yaradır.

Allahdan zəlzələdə həyatını itirən türk qardaşlarımıza rəhmət diləyir, yaxınlarına və bütün Türk xalqına bir daha başsağlığı veririk.

Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov