Son dəqiqə

Milli Məclis

Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pisləyib

BAKI,TurkicWorld

Azərbaycan Milli Məclisi 2026-cı ilin sentyabr-oktyabr aylarında Fransada baş verən kütləvi etirazlar, polis zorakılığı, azyaşlıların xəsarət alması və dinc nümayişçilərin kütləvi həbsi ilə bağlı narahatlığını ifadə edib.

Bu barədə Azərbaycan Respublikası Milli Məclisinin Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibətində bildirilib.

Qeyd olunub ki, Fransada təhsil sisteminin vəziyyəti, yaşayış xərclərinin artması və sosial problemlərlə əlaqədar başlayan etirazlar oktyabrın 17-də ölkənin müxtəlif şəhərlərinə yayılıb. Rəsmi məlumatlara əsasən, həmin gün nümayişlərdə 550 min nəfər iştirak edib. Paris, Marsel, Lion və digər şəhərlərdə iğtişaşların, yanğınların və talanların baş verməsi ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin olunması ilə bağlı ciddi problemlər yaradıb.

Milli Məclis xüsusilə azyaşlıların polis zorakılığına məruz qalması barədə məlumatlardan narahatlığını ifadə edib. Bildirilib ki, məktəblilərə qarşı dəyənəklərdən, gözyaşardıcı qazdan, rezin gülləatan silahlardan və digər xüsusi vasitələrdən istifadə olunması yolverilməzdir. Polis müdaxiləsi nəticəsində Lansda 15 yaşlı yeniyetmənin əlini, Müluzda isə 17 yaşlı qızın bir gözünün görmə qabiliyyətini itirməsi ciddi narahatlıq doğuran hallar kimi vurğulanıb.

Münasibətdə qeyd edilib ki, uşaqların həyat və sağlamlığının qorunması dövlətin birbaşa öhdəliyidir və ictimai asayişin təmin edilməsi zərurəti onlara qarşı qeyri-mütənasib güc tətbiqinə haqq qazandıra bilməz. Bu cür hadisələrin müstəqil və şəffaf şəkildə araşdırılmasının vacibliyi vurğulanıb.

Sənəddə kütləvi etirazlar zamanı, o cümlədən azyaşlıların da iştirak etdiyi həbslər, dinc nümayişçilərin hərəkət imkanlarının məhdudlaşdırılması və ayrı-ayrı şəhərlərdə toplantıların qadağan edilməsi sərbəst toplaşmaq azadlığı baxımından narahatlıq doğuran hallar kimi qiymətləndirilib. Bildirilib ki, oktyabrın 17-də baş verən hadisələrlə əlaqədar təxminən 2 400 nəfər həbs edilib. Milli Məclis Fransa hakimiyyətini vətəndaşların dinc etiraz hüququna hörmət etməyə çağırıb.

Münasibətdə Fransanın dənizaşırı ərazilərində də fundamental hüquqların qorunması ilə bağlı problemlərə diqqət çəkilib. Qvadelupda oktyabrın 17-dən 18-nə keçən gecə baş verən iğtişaşlar, yanğınlar və ticarət obyektlərinə hücumlardan sonra bəzi ərazilərdə komendant saatının tətbiq olunduğu bildirilib. Həmçinin Yeni Kaledoniyada Kanak əhalisinin fundamental hüquqlarının vəziyyəti, ayrı-seçkilik və hüquq-mühafizə orqanlarının həddindən artıq güc tətbiq etməsi ilə bağlı narahatlıqlar qeyd edilib.

Milli Məclis hesab edir ki, Fransada baş verən hadisələr yalnız ictimai asayişin pozulması ilə məhdudlaşmır, eyni zamanda ölkənin siyasi və idarəetmə problemlərini, sosial narazılıqlara cavab verilməsi və vətəndaşların təhlükəsizliyinin təmin olunması sahəsindəki çətinlikləri üzə çıxarır. Münasibətdə Fransa hakimiyyətinin həm dinc nümayişçiləri qeyri-mütənasib polis müdaxiləsindən, həm də vətəndaşları və onların əmlakını iğtişaşlar zamanı zorakılıqdan qoruya bilmədiyi bildirilib.

Milli Məclis Fransa hakimiyyətini uşaqlara və dinc nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqinin qarşısını almağa, ağır xəsarətlərlə nəticələnən hadisələri hərtərəfli araşdırmağa, təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etməyə, həbs olunanların, xüsusilə azyaşlıların hüquqlarını qorumağa və sərbəst toplaşmaq azadlığına hörmət etməyə çağırıb.

Münasibətdə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının Fransada baş verən hadisələrə münasibətdə mövqeyi də tənqid olunub, insan hüquqları məsələlərinə selektiv yanaşma və ikili standartlar pislənib.

Bununla yanaşı, Milli Məclis Fransada polis zorakılığı və insan hüquqlarının pozulması hallarının milli istintaq və məhkəmə orqanları tərəfindən obyektiv araşdırılacağına dair ciddi şübhələrin olduğunu bildirib. Bu səbəbdən BMT-nin İnsan Hüquqları Şurası başda olmaqla beynəlxalq təşkilatlar müstəqil beynəlxalq təhqiqat komissiyası yaratmağa çağırılıb.

Milli Məclis Fransa parlamentini, beynəlxalq parlament təşkilatlarını və insan hüquqları təsisatlarını hadisələrə prinsipial münasibət bildirməyə, müstəqil beynəlxalq təhqiqatın aparılmasını dəstəkləməyə və Fransanın beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməsini tələb etməyə çağırıb.

Mövzuya görə xəbərlər