Bakı. TurkicWorld:
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında Bakı şəhərinin erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım edilib.
Paylaşımda bildirilib ki, 108 il öncə Azərbaycan Korpusunun da yer aldığı Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsi Azərbaycanın dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi olub.
Vurğulanıb ki, bu tarixi qələbə Azərbaycan xalqının müstəqillik və dövlətçilik iradəsini, xalqımızla müttəfiqlərinin birliyini, şücaətini və fədakarlığını nümayiş etdirib.
"Bu tarixi qələbənin əldə olunması uğrunda canlarından keçən bütün qəhrəmanların əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edirik", - deyə XİN-in paylaşımda qeyd edilib.
Bu gün Bakı şəhərinin erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin 108-ci ildönümüdür.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 15, 2026
108 il öncə Azərbaycan Korpusunun da yer aldığı Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsi Azərbaycanın dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu. Bu tarixi Qələbə… pic.twitter.com/JU7mRneMGC
Qeyd edək ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilərkən Bakı şəhəri Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələrinin nəzarəti altında idi. Bu səbəbdən milli hökumət müvəqqəti olaraq Gəncədə yerləşmişdi və Bakının azad edilməsi Cümhuriyyətin qarşısında duran əsas vəzifələrdən birinə çevrilmişdi. Hökumətin sərəncamında cəmi 600 nəfərlik qüvvə olduğu halda, Bakı Sovetinin 18 minlik qoşunu ilə mübarizə aparmaq mümkün deyildi.
Azərbaycanın müraciətinə cavab olaraq Osmanlı dövləti hərbi yardım göstərmək qərarına gəldi və Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu formalaşdırıldı. 1918-ci il iyunun 4-də Azərbaycanla Osmanlı dövləti arasında imzalanan müqavilə əsasında hərbi yardım rəsmiləşdirildi. İyunun sonu–iyulun əvvəlində Göyçay döyüşlərində əldə edilən qələbə Bakı Soveti qoşunlarının Gəncəyə yürüşünü dayandırdı və Qafqaz İslam Ordusunun Bakı istiqamətində əks-hücumuna şərait yaratdı; ardınca Göyçay, Kürdəmir, Ağsu və Şamaxı azad edildi.
Bakıya doğru irəliləyişə baxmayaraq, şəhərdə Sentrokaspi Diktaturası və ona dəstək verən xarici qüvvələr ciddi müqavimət göstərirdi. Qafqaz İslam Ordusunun avqustun 5-də Bakı üzərinə ilk hücumu uğursuz olsa da, sentyabrın 14-nə keçən gecə başlanan növbəti hücum zamanı türk-Azərbaycan qüvvələri həlledici üstünlük əldə etdi. Sentyabrın 14-də Britaniya qoşunları Bakını tərk etdi, sentyabrın 15-də isə Sentrokaspi Diktaturası məğlub edildi və iki günlük əməliyyat parlaq qələbə ilə başa çatdı.
Sentyabrın 16-da Bakının azad olunması münasibətilə türk-Azərbaycan hərbi hissələrinin paradı keçirildi və ertəsi gün Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanın siyasi, iqtisadi və strateji mərkəzinin azad edilməsi Cümhuriyyətin dövlət quruculuğunun qarşısında yeni mərhələ açdı. Bakının azad edilməsi zamanı Osmanlı ordusu 1 130 şəhid verdi və bu qələbə Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinin ən mühüm səhifələrindən biri kimi yadda qaldı.






