Son dəqiqə

Azeri Light

Azərbaycan neftinin qiyməti 127 dolları keçib

Bakı. TurkicWorld:

İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 7,27 ABŞ dolları və ya 6,06 faiz artaraq bir barel üçün 127,29 ABŞ dollarına çatıb.

Bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.

Qeyd olunub ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 7,13 ABŞ dolları və ya 6,22 faiz artaraq 121,71 ABŞ dolları təşkil edib.

"Urals" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 6,41 ABŞ dolları və ya 7,08 faiz artaraq bir barel üçün 96,94 ABŞ dollarına çatıb.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 10,72 ABŞ dolları və ya 9,04 faiz artaraq bir barel üçün 129,28 ABŞ dolları olub.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

"Trading Economics"in məlumatına görə, xam neft çərşənbə axşamı bir barel üçün 103 dollardan yuxarı qalxıb. Bildirilib ki, bu, həftənin əvvəlindəki dəyişkənlik fonunda baş verib. "İnvestorlar qlobal neft təchizatı ilə bağlı artan qeyri-müəyyənliyi qiymətləndirməyə davam edirlər.

Hörmüz boğazına alternativ marşrut təmin edən Səudiyyə Ərəbistanının "Şərq-Qərb" neft kəməri pilotsuz uçuş aparatlarının hücumlarından sonra hələ də fəaliyyətini dayandırıb. Kəmərin nə vaxt yenidən işə düşəcəyi ilə bağlı isə hələlik dəqiq məlumat yoxdur.

Bu arada, İranın Körfəz ölkələri ilə Hörmüz boğazında yaranmış vəziyyəti müzakirə etmək üçün planlaşdırılan diplomatik görüşü qəfil təxirə salınıb.

İran həmçinin bildirib ki, məhdudlaşdırılmış əraziyə daxil olmağa çalışan supertanker minalara toxunduqdan sonra partlayıb. Tehran eyni zamanda tələbləri yerinə yetirilməyənədək ABŞ-la danışıqlara getməyəcəyini bəyan edib.

Şərqi Avropada isə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya da eyni addımı atacağı təqdirdə Kiyev Rusiyanın enerji obyektlərinə hücumları dayandırmağa hazırdır. Bu açıqlama ABŞ Prezidenti Donald Trampın Moskva və Kiyevin bir-birinin enerji infrastrukturuna zərbələri dayandırmaq barədə artıq razılığa gəldiyi barədə iddiası ilə ziddiyyət təşkil edir", - məlumatda qeyd edilib.

Mövzuya görə xəbərlər