Bakı. TurkicWorld:
Mayın 12-də Ankara şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
Azərbaycan XİN-dən TurkicWorld-a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə XİN-in Konsulluq İdarəsinin rəisi Emil Səfərov və Türkiyə XİN-in Konsulluq məsələləri və Xaricdə yaşayan Vətəndaşlar Baş idarəsinin rəisi Gülsun Erkul rəhbərlik edib.
Bildirilib ki, məsləhətləşmələrin birinci hissəsində iki ölkə arasında konsulluq sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, o cümlədən sahə üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi, iki dövlətin vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, onlara zəruri konsulluq yardımının göstərilməsi, ədliyyə (o cümlədən hüquqi yardım), əmək və sosial müdafiə sahələrində münasibətlərin genişləndirilməsi mövzularında fikir mübadiləsi aparılıb.
Məsləhətləşmələrin ikinci hissəsinə Türkiyə nümayəndə heyətinə Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin Miqrasiya siyasəti və Viza məsələləri baş idarəsinin rəisi səfir Esin Çakıl rəhbərlik edib. Danışıqların ikinci hissəsində konsulluq sahəsində həyata keçirilmiş son yeniliklərlə yanaşı, miqrasiya və viza siyasəti barədə təcrübə mübadiləsi həyata keçirilib, miqrasiya sahəsində yaranmış mövzular üzrə müzakirələr aparılıb, 2024-cü ildə Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası tərəfindən tətbiq olunan viza və miqrasiya qaydaları barədə Türkiyə tərəfinə məlumat verilib.
Məsləhətləşmələrdən sonra Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Miqrasiya İdarəsinə (Köç idarəsi) nəzakət səfəri edib. Nümayəndə heyəti Miqrasiya idarəsinin Əcnəbilərlə iş Baş idarəsinin rəisi Fatih Ayna ilə görüş keçirib, hazırda Türkiyə Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarımızla bağlı həyata keçirdiyimiz müxtəlif layihələrdə göstərdikləri dəstəyə görə qarşı tərəfə təşəkkür edilib, o cümlədən əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Görüşlərdə həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Baş Prokurorluğunun, Türkiyə tərəfindən isə Türkiyə Respublikasının Ədliyyə, Daxili İşlər və digər aidiyyəti qurumlarının əməkdaşları iştirak edib.







