Son dəqiqə

Azərbaycan Xarici İşlər Nazirliyi Ceyhun Bayramov Almaniya diplomatik münasibətlər Dirk Lölke

Ceyhun Bayramov Almaniyanın yeni səfirini qəbul edib

BAKI,TurkicWorld

Xarici işlər naziri Ceyhun Bayramov iyulun 28-də Almaniya Federativ Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat dərc edilib.

Məlumata görə, səfir Dirk Lölke etimadnaməsinin surətini nazirə təqdim edib. Ceyhun Bayramov onu diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan-Almaniya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, yaşıl enerji, sənaye, nəqliyyat-kommunikasiya, humanitar və mədəni əməkdaşlıq məsələləri müzakirə olunub.

Bildirilib ki, Prezident İlham Əliyevin Almaniyaya son səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyub. Tərəflər İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin əhəmiyyətini, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasının vacibliyini, mövcud əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi və yüksək səviyyəli qarşılıqlı təmasların davam etdirilməsinin önəmini vurğulayıblar.

Görüş zamanı, həmçinin Azərbaycan və Almaniya xalqlarını birləşdirən iki əsrə yaxın tarixi əlaqələrin və zəngin irsin münasibətlərin inkişafı üçün möhkəm zəmin yaratdığı qeyd olunub, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov postmünaqişə dövründə Cənubi Qafqazdakı vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi və dayanıqlı sülhün təmin olunması istiqamətində görülən işlər barədə qarşı tərəfi məlumatlandırıb.

Mövzuya görə xəbərlər