Son dəqiqə

Azərbaycan Sergey Lavrov Rusiya Rufiz Hafizoğlu media İnformasiya siyasəti Azərbaycan-Rusiya münasibətləri Anti-Azərbaycan kampaniyası

Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

BAKI,TurkicWorld

Rusiyanın XİN rəhbəri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə iki ölkənin informasiya məkanındakı mənfi fondan giley edərək, birbaşa media əlaqələrinin inkişafının vacibliyini bildirib. 2022-ci il Müttəfiqlik Bəyannaməsinə baxmayaraq, Rusiya mediasında anti-Azərbaycan gərginliyi və təxribatçı materiallar davam edib. Ekspertlər Moskvanın bu təşəbbüsünü son dövrlər koordinasiyalı şəkildə artan informasiya hücumları fonunda gərginliyi azaltmaq cəhdi kimi dəyərləndirir. Prezident İlham Əliyev matches-də (IV Qlobal Şuşa Media Forumunda) dialoqun bərpa olunduğunu və Bakının Rusiya ilə münasibətlərə önəm verdiyini vurğulayıb.

TurkicWorld Olaylar.az-a istinad edərək xəbər verir ki, Lavrovun media dialoqu təklifi Rusiya mətbuatındakı anti-Azərbaycan kampaniyasını dayandıra biləcəkmi? Rusiya mediasındakı təxribatçı ritorikanın səbəbi nədir? Bu Kremlin rəsmi mövqeyidir ya necə?

Mövzu ilə bağlı Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu Olaylar.az-a açıqlama verib: " Mövzu aktual və önəmlidir. Düşünürəm ki, təəssüf ki, bu, Azərbaycan mediasının hələ də yetərincə işıqlandırmadığı mövzulardan biridir.

Məsələ ondan ibarətdir ki, əgər bu gün Azərbaycan-Rusiya münasibətləri müəyyən bir müstəviyə gəlib çıxıbsa, bu, heç şübhəsiz, Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir.

Acı da olsa, bir həqiqət var: Rusiya mediası uzun illər Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib. Zaman-zaman bu mövqenin daha da sərtləşdiyini, anti-Azərbaycan təbliğatının daha kobud və aqressiv formada aparıldığını görmüşük. Düşünürəm ki, Rusiya heç bir halda əlində olan media resurslarından və imkanlarından imtina etməyəcək. Azərbaycanla münasibətlər normallaşma istiqamətində getsə belə, bu media resurslarını öz baxışına görə təzyiq mexanizmi kimi saxlamağa çalışacaq.

Anti-Azərbaycan ritorikası Rusiya mediasında hər zaman olub və düşünürəm ki, bundan sonra da olacaq. Bu məsələyə bir qədər obyektiv yanaşmaq lazımdır. Bu gün Rusiya mediasının böyük bir hissəsi müəyyən diasporaların və bəlli dairələrin təsiri altındadır. Burada söhbət millətlərdən getmir, məsələ hansısa milləti hədəfə almaq deyil.

Bu gün Solovyov kimi şəxslərin və digər tanınmış simaların anti-Azərbaycan, anti-Türkiyə ritorikası, ümumilikdə keçmiş postsovet məkanına yuxarıdan aşağı baxması göz qabağındadır. Hələ də Azərbaycanın guya "kiçik qardaş", "arxa bağça" olduğu düşüncəsində olanlar var. Halbuki Azərbaycan bu mərhələni çoxdan geridə qoyub. Azərbaycan "böyük qardaş" prinsipi ilə yanaşmanı çoxdan qəbul etmir və bunun üzərindən xətt çəkib.

Lavrovun bəyanatına və Azərbaycan mediasında guya anti-Rusiya mövqeyinin güclü olması ilə bağlı iradlarına gəlincə isə, düşünürəm ki, ilk növbədə Rusiya mediasına nəzər salmaq lazımdır.

Əgər Lavrov Azərbaycan mediasındakı ritorikadan narahatdırsa, əvvəlcə Rusiyanın televiziya kanallarında, ərəb və ingilis dillərində yayımlanan platformalarında Azərbaycana qarşı səsləndirilən fikirlərə baxmaq lazımdır. Eyni zamanda, keçmiş postsovet ölkələrinə münasibətdə nümayiş etdirilən yanaşma da qiymətləndirilməlidir. Ondan sonra bu məsələlər müzakirə oluna bilər.

Açıq deyirəm ki, Azərbaycanın Rusiya ilə problemi yoxdur. Problem Rusiya mediasındadır. Daha dəqiq desək, özünü Rusiya mediası kimi təqdim edən, müəyyən dairələrin təsiri altına düşmüş media qurumlarındadır. Problem məhz buradadır. Əvvəlcə bu problem həll edilməli, sonra isə qarşı tərəfə irad bildirilməlidir.

Düşünmürəm ki, Lavrovun məqsədi Rusiya mediasındakı anti-Azərbaycan ritorikasını dəyişməkdir. Sadəcə, zamanın tələbi budur ki, bu ritorika dəyişməlidir.

Əslində, bunu müəyyən mənada Azərbaycanın diktə etdiyi yeni reallıq kimi də qiymətləndirmək olar. Amma böyük mənada Rusiya mediasının Azərbaycana münasibətinin tamamilə müsbət istiqamətdə dəyişəcəyini düşünmürəm".

Mövzuya görə xəbərlər