Bakı. TurkicWorld:
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Nyu-York şəhərinin meri Zohran Kvame Məmdaninin qondarma "erməni soyqırımı" ilə bağlı bəyanatını pisləyib.
TurkicWorld xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadə "X" sosial şəbəkə hesabında yazıb.
A.Hacızadə bildirib ki, ictimai xadimlər məsuliyyətlə davranmalı, dezinformasiyanın yayılmasından çəkinməli və siyasi motivli, tarixi baxımdan yanlış bəyanatlarla parçalanmanı dərinləşdirmək əvəzinə barışığa töhfə verməlidirlər.
"Mer Z.Məmdani, sizin təxribat xarakterli bəyanatınızı rədd edirik. Bu cür fikirlər regionun tarixi və reallıqları barədə anlayışın olmadığını göstərir və faktları siyasi məqsədlər naminə təhrif edir.
2020-ci ildə Azərbaycan beynəlxalq səviyyədə tanınmış suveren əraziləri daxilində, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə hərəkət edib.
2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri üç onillik davam edən qanunsuz işğaldan sonra Azərbaycanın konstitusion quruluşunun bərpası ilə nəticələnib. "Qovulma" iddiaları isə erməni sakinlərə reinteqrasiya, tam bərabər hüquqlar və təhlükəsizlik təminatlarının təklif edildiyini nəzərə almır.
Xüsusilə narahatedicidir ki, seçilmiş bir vəzifəli şəxs birtərəfli narrativləri təşviq edir, işğal dövründə yüz minlərlə azərbaycanlıya qarşı həyata keçirilmiş etnik təmizləmə və qırğınları, eləcə də mədəni və dini irsin dağıdılmasını görməzdən gəlir".
XİN rəsmisi qeyd edib ki, bu cür məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir və dərhal geri götürülməlidir.







