BAKI,TurkicWorld
Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasını son dərəcə vacib hesab edir.
TurkicWorld xəbər verir ki, bunu Avropa İttifaqının Xarici işlər və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Lüksemburqda keçirilən Aİ Xarici İşlər Şurasının iclası ərəfəsində jurnalistlərə verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələsi Aİ-nin gündəliyində mühüm yer tutur.
"Bizim üçün Ermənistan, Azərbaycan və onların münasibətlərinin normallaşması son dərəcə böyük önəm kəsb edir", – deyə Kallas vurğulayıb.
O qeyd edib ki, müzakirələr çərçivəsində Aİ-nin hər iki ölkə ilə gələcək əməkdaşlığı məsələsinə baxılacaq.
"Biz həmçinin Ermənistan üçün yeni missiyanı və onların Azərbaycanla münasibətləri üzərində bundan sonra necə işləyə biləcəyimizi müzakirə edəcəyik", – o bildirib.
Kallas əlavə edib ki, Aİ regiondakı vəziyyəti, o cümlədən Gürcüstanda baş verən prosesləri diqqətlə izləməyə davam edir.







