Bakı. TurkicWorld:
Minalar Azərbaycanda hələ də insan həyatına son qoymaqda davam edir. 2020-ci il müharibəsindən sonra 422 Azərbaycan vətəndaşı mina qurbanı olub.
TurkicWorld xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Aprelin 14-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində tank əleyhinə minaya düşərək həlak olub.
Onun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk.
Bu faciə minaların yaratdığı davamlı humanitar təhlükəni və azad edilmiş əraziləri təhlükəsiz etmək üçün çalışan insanların hər gün üzləşdiyi riskləri bir daha açıq şəkildə göstərir. Minatəmizləmə işlərinin genişləndirilməsi üçün beynəlxalq dəstəyin artırılmasına təcili ehtiyac var", - deyə paylaşımda qeyd olunub.




