BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin bugünkü görüşündə çıxış edərək, təşkilat daxili ticarət dövriyyəsinin artırılması və regional münaqişələrin həlli ilə bağlı strateji hədəfləri açıqlayıb.
TurkicWorld xəbər verir ki, Cevdet Yılmaz çıxışında Yaxın Şərqdə davam edən münaqişələrin TDT coğrafiyasına təsirlərinə toxunub. O bildirib ki, İsrailin İran, Qəzza, Yəmən və Livanı hədəf alan hücumları bölgədə sabitliyi pozur. "Davam edən müharibə, xüsusilə Hörmüz boğazı başda olmaqla, enerji xətləri və qlobal iqtisadi sabitlik üçün həyati risklər yaradır", - deyə o vurğulayıb. Türkiyə rəsmisi həmçinin region ölkələrinin İran tərəfindən hədəf alınmasını qəbulolunmaz adlandıraraq tərəfləri təmkinli olmağa çağırıb.
Vitse-prezident TDT ölkələrinin iqtisadi gücünə diqqət çəkərək qeyd edib ki, 180 milyonluq əhali və illik 5% böyümə tempi ilə təşkilatın ümumi daxili məhsulu 2,1 trilyon dollara yaxınlaşır. 2024-cü ildə üzv ölkələr arası ixrac isə 35,3 milyard dollar təşkil edib (ümumi ixracın 6,1%-i).
Cevdet Yılmaz daxili ticarətin ümumi ticarətdəki payının ən azı 10%-ə çatdırılmasını təklif edib.
Türk İnvestisiya Fondunun yaxın vaxtlarda maliyyələşdirmə fəaliyyətinə başlamasının vacibliyi vurğulanıb.
Cənubi Qafqazdakı prosesləri yüksək qiymətləndirən Yılmaz, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının Türk dünyası üçün tarixi fürsət olduğunu bildirib. O, Trans-Xəzər Şərq-Qərb Orta Dəhlizinin və Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tədarük zəncirinin gücləndirilməsindəki rolunu xüsusi qeyd edib.
Türkiyə rəsmisi təşkilatın müşahidəçi üzvü Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstelin toplantıda iştirakından məmnunluğunu ifadə edərək, Kipr türk xalqının haqlı davasının bütün ailə məclisi tərəfindən dəstəklənməsinə çağırıb.
Bundan əlavə, Türkiyənin COP31-ə (2026, Antalya) ev sahibliyi edəcəyini xatırladan Yılmaz, Azərbaycanın COP29 təcrübəsindən yararlandıqlarını və bütün TDT üzvlərini bu qlobal iqlim hərəkatında birgə fəaliyyətə dəvət etdiyini bildirib.
Sonda Cevdet Yılmaz Türkiyənin keçmiş kənd təsərrüfatı naziri Mehdi Ekerin BMT Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru vəzifəsinə namizədliyini xatırladaraq üzv ölkələrdən dəstək xahiş edib.







