Son dəqiqə

Naxçıvan İran ABŞ-nin Bakıdakı səfirliyi

ABŞ İranın Naxçıvana endirdiyi zərbələri pisləyib və Azərbaycana dəstəyini bildirib

BAKI, TurkicWorld

ABŞ İranın Naxçıvana pilotsuz təyyarələrinin hücumlarını pisləyib.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ-nin Bakıdakı səfirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verilib.

"ABŞ 5 mart tarixində İran tərəfindən Naxçıvana qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatları ilə hücumları qətiyyətlə pisləyir və Azərbaycan xalqı ilə tam həmrəy olduğunu bildirir.

ABŞ-nin Azərbaycandakı Səfirliyi vəziyyətin inkişafını diqqətlə izləyir və hücum nəticəsində yaralanan şəxslərə tezliklə sağlamlıqlarını bərpa etməyi arzulayır", - səfirliyin paylaşımında qeyd olunur.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatı ilə hücum edilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, texniki vasitələr İran İslam Respublikasının silahlı qüvvələrinin hücumlar həyata keçirmək üçün Azərbaycanın Naxçıvan bölgəsinə dörd pilotsuz uçuş aparatı (PUA) göndərdiyini aşkar edib. Onlardan biri Azərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib, digərləri isə dərslər zamanı orta məktəb də daxil olmaqla mülki infrastruktur obyektlərini hədəfə alıb.
Orta məktəb binasına yönəlmiş PUA xoşbəxtlikdən hədəfə çatmayıb və məktəbin yaxınlığında qəzaya uğrayıb partlayıb.

Hadisə nəticəsində dörd mülki şəxs yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq, İran İslam Respublikasından vəziyyəti dərhal aydınlaşdırmasını, izahat verməsini və oxşar hadisələrin təkrarlanmasının qarşısını almaq üçün lazımi təcili tədbirlər görməsini tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb və İran tərəfinə sərt etiraz bildirilib.

Mövzuya görə xəbərlər