BAKI,TurkicWorld
Texniki vasitələrlə təsbit edilmişdir ki, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib, onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, digərləri isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəb binasını hədəfə alıb.
TurkicWorld xəbər verir ki, bu barədə məlumat Müdafiə Nazirliyinin rəsmi açıqlamasında əksini tapıb.
Bildirilib ki, orta məktəb binasını hədəfə alan pilotsuz uçuş aparatı xoşbəxtlikdən hədəfə yetişməyib, məktəbin yaxınlığında yerə çırpılaraq partlayıb.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.







