BAKI, TurkicWorld
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 18-də Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Reda ilə görüşüb.
TurkicWorld Dövlət Komitəsinə istinadən xəbər verir ki, görüş zamanı ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, həmçinin dini sahədə qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.
Dövlət Komitəsinin sədri Misir səfəri zamanı keçirilən görüşlərdə dini təhsil, maarifləndirmə və dini radikalizmə qarşı mübarizə sahəsində müzakirələrin aparıldığını bildirib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Misirin Dini İşlər və Vəqflər Nazirliyi arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.
Ramin Məmmədov Azərbaycanın dövlət-din siyasətinə dair ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycan dünyada dini tolerantlıq və multikulturalizm nümunəsi kimi tanınır, dövlət dini etiqad azadlığını qoruyur, müxtəlif dini icmaların sərbəst fəaliyyətini təmin edir.
Səfir Houssam-Eldine Reda ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin müxtəlif sahələrdə olduğu kimi, dini-mənəvi müstəvidə də inkişaf etdiyini vurğulayıb və qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsinə mühüm töhfə verdiyini bildirib.
Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində islamofobiya və dini radikalizmə qarşı mübarizə, tolerantlığın təşviqi istiqamətlərində əməkdaşlıq perspektivləri müzakirə olunub.







