Ermənistan-Azərbaycan sərhədində döyüş əməliyyatları barədə məlumatlar həyəcan doğurur - Şarl Mişel

Ermənistan-Azərbaycan sərhədində döyüş əməliyyatları barədə məlumatlar həyəcan doğurur - Şarl Mişel

Bakı. Trend:

Ermənistan-Azərbaycan sərhədində döyüş əməliyyatları barədə məlumatlar həyəcan doğurur.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel öz "Twitter" səhifəsində yazıb.

"Atəşin tam və davamlı şəkildə dayandırılması lazımdır. Sülh və sabitliyə alternaiv yoxdur və bunların təmin olunması üçün diplomatiyaya da alternativ yoxdur", - Ş.Mişel yazıb.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.

Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.