Bakı, TurkicWorld
Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli qarşılıqlı fəaliyyətin mümkün olduğunu görürük.
TurkicWorld xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Oksfordda "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısının kuluarlarında jurnalistlərə deyib.
"Son aylarda Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli qarşılıqlı fəaliyyətin mümkün olduğunu gördük. Bilirsiniz, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqa imkan yaratmaq üçün Aİ-nin adından mümkün hər şeyi etməyə çalışdım", - o deyib.
Xatırladaq ki, Oksfordda yerləşən Blenheym sarayında "Avropa Siyasi Birliyi" IV Zirvə toplantısı keçirilir. Toplantıya 47-yə yaxın dövlət və hökumət başçısı Zirvə toplantısına dəvət olunublar.
Liderlər Ukraynaya gələcək dəstəyi, eləcə də, ümumi çağırışları müzakirə edirlər. Dəyirmi masa iclaslarında miqrasiya, enerji, qarşılıqlı əlaqələr, müdafiə və demokratiyanın qorunması kimi mövzular müzakirə olunur. Avropa Siyasi Birliyi ümumi maraq kəsb edən məsələlərin həlli və təhlükəsizlik, sabitlik və Avropa qitəsinin çiçəklənməsi üçün siyasi dialoq və əməkdaşlığı inkişaf etdirməyə çalışır.