Son dəqiqə

Avropa Siyasi Birliyinin IV Zirvə toplantısı

Serbiya Azərbaycanla enerji məsələlərini müzakirə etməkdə maraqlıdır - Aleksandr Vuçiç

Bakı, TurkicWorld

Serbiya Azərbaycanla enerji məsələlərini müzakirə etməkdə maraqlıdır.

TurkicWorld xəbər verir ki, bu barədə Serbiya Respublikasının prezidenti Aleksandr Vuçiç Oksfordda "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısının kuluarlarında Azərbaycanın İctimai Televiziyasının (ITV) sualına cavab olaraq deyib.

"Təkcə Azərbaycanla deyil, regionun bütün digər ölkələri ilə enerji əməkdaşlığı ilə əlaqədar bütün məsələləri müzakirə etməkdə getdikcə daha çox maraqlıyıq. Hələ də həllini gözləyən məsələlər qalır", - o deyib.

Qeyd edək ki, Oksfordda yerləşən Blenheym sarayında "Avropa Siyasi Birliyi" IV Zirvə toplantısı keçirilir. Toplantıya 47-yə yaxın dövlət və hökumət başçısı Zirvə toplantısına dəvət olunublar.

Liderlər Ukraynaya gələcək dəstəyi, eləcə də, ümumi çağırışları müzakirə edirlər. Dəyirmi masa iclaslarında miqrasiya, enerji, qarşılıqlı əlaqələr, müdafiə və demokratiyanın qorunması kimi mövzular müzakirə olunur. Avropa Siyasi Birliyi ümumi maraq kəsb edən məsələlərin həlli və təhlükəsizlik, sabitlik və Avropa qitəsinin çiçəklənməsi üçün siyasi dialoq və əməkdaşlığı inkişaf etdirməyə çalışır.

2022-ci ilin oktyabrında keçirilən ilk görüşdə liderlər sülh və təhlükəsizlik, Rusiya-Ukrayna müharibəsi və enerji böhranını müzakirə ediblər. 2023-cü ilin iyununda keçirilən növbəti görüşdə Avropada sülh və təhlükəsizlik, enerji dayanıqlılığı, qarşılıqlı əlaqələr və mobilliyin təmin edilməsi üzrə birgə səylər müzakirə olunub. 2023-cü ilin oktyabrında Qranadada liderlər Avropanı geosiyasi çağırışlara qarşı daha dayanıqlı etməyin yollarını müzakirə etdilər.

Mövzuya görə xəbərlər