Son dəqiqə

Milli Məclis Sevil Mikayılova Avropa Parlamenti

Avropa Parlamentinin qətnaməsi Azərbaycanın daxili işlərinə kobud müdaxilədir - Sevil Mikayılova

Bakı, TurkicWorld

Avropa Parlamentinin 18 dekabr tarixli qətnaməsi Azərbaycanın daxili işlərinə kobud müdaxilədir.

Bunu TurkicWorld-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, ölkənin suveren hüquqlarına hörmətsizlik göstərərək ədalət məhkəməsinin qərarlarının mübahisələndirilməsi beynəlxalq hüququn bütün normalarına ziddir.

"AP nə qlobal arbitrdır, nə də appelyasiya məhkəməsi. Öz korporativ ərazisindən cıxaraq, tamamilə uzaq coğrafiyada baş verən proseslərə hakimlik etmək AP-nin ucuz və zəif siyasi alətlərə kökləndiyinin göstəricisidir. Açıq ultimatum ritorikası əslində təşkilatın hamıya öyrətmək istədiyi dəyərlərlə ziddiyyət təşkil edir və hüquq pozuntusudur. Sual yaranır niyə görə AP ağır ittihamlarla istintaq altında olan şəxsləri belə ürəyiyananlıqla müdafiə edir? Özü də xüsusi narahatlıqla".

S.Mikayılova vurğulayıb ki, AP artıq zəifləməkdədir və qlobal məkanda əsas aktor statusunu itirir.

"ABŞ-nin yeni qəbul edilmiş Milli Təhlükəsizlik Strategiyasında Avropada vüsət almış böhran və dəyərlərin itirilməsi barədə müddəalar, əslində, bu münasibətin bariz şəkildə nümayiş etdirir. Görünür, belə vəziyyətdə Azərbaycan kimi güclənən ölkələrəAvropa İttifaqı tərəfindən edilir və son təsəllisidir. Məsələn, Aİ 5 Azərbaycan gəmisinə sanksiya qoyur, lakin sanksiyalar irəli sürdüyü Rusiya ilə hələ də ticarət aparır. Bu xüsusda Ermənistan kimi ölkələrin xidmətindən də yararlanır. Avropanın öz taleyinin zərbə altında olduğu bir dönəmdə diqqəti ayrı regionlara transformasiya etməklə "hələ də hər şeyi nəzarətdə saxlayırıq" görüntüsü ucuz şoudur".

Deputat qeyd edib ki, Azərbaycan və Ermənistanın sülhü möhkəmləndirmək səylərinə qarşı yönəlmiş bu cür təxribatlar əslində sülh prosesini pozmaq niyyəti daşıyır:

"Bütün dünyanın Avropanın taleyini müzakirə etdiyi bir vaxtda Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyətinə dair dinləmələr təşkil etməsi çox gülünc görünür. Maraqlıdır ki, Ermənistanda 2025-ci ildə təkcə müxalifətçilər, dini xadimlər və siyasi fəallar müxtəlif səbəblərlə həbs edildiyi halda, bu Avropa Parlamentini narahat etmir. Belə ikili standartlar Avropa dəyərlərini uzun müddətdir aşındırıb və bunun saxtakarlıqdan başqa bir izahı yoxdur".

S.Mikayılova əlavə edib ki, Avropa İttifaqı Azərbaycanın artan nüfuzundan narahatdır, lakin köhnəlmiş narrativlərdən çıxmadıqca regionda nüfuz qazana bilməyəcək.

"Avropa Parlamentinin hər hansı müzakirəsi və ya qətnaməsinin Azərbaycana heç bir hüquqi təsiri yoxdur. Biz Azərbaycanın daxili işlərinə kobud müdaxilə hesab etdiyimiz bu Qətnaməni pisləyir və qəbuledilməz olduğunu bildiririk", – deyə S.Mikayılova vurğulayıb.

Mövzuya görə xəbərlər