Türkiyədəki meşə yanğınlarının təxribat olduğu istisna edilmir - DİN

Türkiyədəki meşə yanğınlarının təxribat olduğu istisna edilmir - DİN

Bakı. TurkicWorld:

Dünən gecə saatlarında Türkiyənin Muğla vilayətinin Marmaris ilçəsində yerləşən meşəlik ərazidə başlayan yanğının söndürülməsi üzrə işlər hələ də davam edir. TurkicWorld-un məlumatına görə, Türkiyənin Kənd Təsərrüfat naziri Vahit Kirişçi və Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Marmarisə gedərək, yanğının söndürülməsi ilə bağlı aparılan işləri yaxından izləyiblər.

Kirişçi bildirib ki, gecə saatlarında qurudan 363 texnika ilə müdaxilə edilib.

“Havanın işıqlanmasından sonra hadisə yerinə 20 helikopter və 14 amfibiya təyyarəsi də göndərilib“, -deyə Kirişçi qeyd edib.

Yanğının başvermə səbəbləri haqqında məlumat verən nazirlər, səbələrdən birinin təxribat ola biləcəyini ehtimal etdiklərini də bildirib.

“Yanğının təbii səbəblərdən yoxsa hər hansı bir təxribat üzündən baş verdiyi hələ ki məlum deyil. Bu məsələ ilə bağlı araşdırmalarımız davam edir.” – deyə Soylu bildirib.

Qeyd edək ki, yanğının meşədəki yaşayış massivlərinə yaxınlaşması ilə əlaqədar ərazidəki 30 evdə təxliyə əməliyyatlarına başlanılıb.

Xatırladaq ki, 2021-ci ilin iyul ayında Türkiyənin Manavgat ilçəsində başlayan və digər cənub regionlarında da davam edən meşə yanğınları baş verib. Azərbaycan meşə yanğınlarının söndürülməsi üçün Türkiyəyə 53 yanğınsöndürən maşın, həmçinin bir neçə təcili yardım maşını və 500 heyyət göndərmişdir.