Şuşada humanizm və qardaşlıq kimi ümumbəşəri dəyərlər canlı şəkildə ifadə olunur - Fransa portalı

Şuşada humanizm və qardaşlıq kimi ümumbəşəri dəyərlər canlı şəkildə ifadə olunur - Fransa portalı

Bakı. TurkicWorld:

Şuşada humanizm və qardaşlıq kimi ümumbəşəri dəyərlər canlı şəkildə ifadə olunur, TurkicWorld-un məlumatına görə, bu barədə Fransanın “Musulmansenfrance.fr” xəbər portalında dərc olunan məqalədə qeyd olunub.

“2022-ci il Azərbaycan və Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Mayın 28-də Emmanuel Makron Azərbaycanın dövlət başçısı İlham Əliyevə Respublika günü münasibəti ilə ünvanladığı təbrik məktubunda Fransanın sülh sazişi üzrə danışıqlara, bununla yanaşı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına sadiqliyini bir daha təsdiqləyərək əlavə edib ki, etimad mühitinin yaradılması bütün regionda sülhün bərqarar edilməsi üçün əsas amildir ”,- deyə məqalədə vurğulanıb.

Həmçinin, məqalədə bildirilib ki, 44 günlük Vətən müharibəsi 28 illik işğala son qoymaqla beynəlxalq hüquq normalarına uyğun siyasi vəziyyəti bərpa edib və Azərbaycanla Ermənistan arasında sağlam münasibətlərin yeni başlanğıcının əsasını qoyub.

Şuşanın azad edilməsinin əhəmiyyətindən də bəhs edilən bu məqalədə qeyd edilib ki, bu şəhərin işğaldan azad edilməsi təkcə münaqişənin sona çatması deyil, həm də Azərbaycanın regionda davamlı sülhün bərqərar olması istəyinin, bütün Qafqazlara fayda verəcək əməkdaşlığının bariz nümunəsidir.

“Şuşa düz 270 il əvvəl, 1752-ci ildə Pənah Əli Xan tərəfindən əsası qoyulandan bəri Azərbaycanın intellektual və ədəbi paytaxtı olub və bu şəhərin nüfuzu onun hüdudlarından çox-çox uzaqlara yayılıb. Bura, dünyanın hər yerindən gələn qonaqları heyran edən bir mübadilə yeri idi. İşğalı zamanı erməni generallarının istirahət mərkəzinə çevrilən bu şəhər artıq 30 ildən sonra öz muzeyləri, məktəbləri və mədəniyyət mərkəzləri ilə əvvəlki nüfuzunu bərpa edir. Azərbaycan hakimiyyəti hesab edir ki, indi, artıq, səhifəni çevirməyin vaxtıdır. Keçmiş keçmişdir və Şuşa öz gələcəyinə qətiyyətlə baxır. O, sülhün, dialoqun və xalqlar arasında harmonik birgəyaşayışın sığınacağı olmaq istəyir, burada humanizm və qardaşlıq kimi ümumbəşəri dəyərlər canlı şəkildə ifadə olunur”,- deyə məqalədə əlavə olunub.