Trend BİA ilə DHA arasında Anlaşma Memorandumu imzalanıb (FOTO/VİDEO)

Trend BİA ilə DHA arasında Anlaşma Memorandumu imzalanıb (FOTO/VİDEO)

Bakı. TurkicWorld:

Bu gün Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) ilə Türkiyənin nüfuzlu media qurumlarından biri olan Demirören İnformasiya Agentliyi (DHA) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Trend BİA-nın baş direktor müavini Rufiz Hafizoğlu və Demirören İnformasiya Agentliyinin baş direktorunun müavini Bülənt Ovacık imzalayıb.

Sənədə əsasən, Demirören İnformasiya Agentliyi və Trend BİA qarşılıqlı xəbər mübadiləsi aparacaqlar.

İmzalanma mərasimində çıxış edən Milli Məclisin deputatı Sevil Mikayılova Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın məhz Azərbaycan mediasının inkişafına yönəlik səyləri nəticəsində bu gün Azərbaycan mediasının sözün əsl mənasında çox böyük bir inkişaf mərhələsinə daxil olduğunu vurğulayıb.

"Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın qayğısı və diqqəti ilə mümkün olmuşdur.

İmzalanan bu memorandum gələcək birgə addımlarımızı müəyyənləşdirəcək, bizim dünyada haqq səsimizi daha da gücləndirəcək. Azərbaycan və Türkiyənin bütün dünya ölkələrinə göstərəcək potensialı var və bu potensialın üzə çıxarılması, obyektiv olaraq işıqlandırılmasında məhz bizim işbirliyimizin də bir töhfəsi olacaqdır", - deyə Sevil Mikayıloava vurğulayıb.

Mərasimdə çıxış edən Trend BİA-nın baş direktor müavini Rufiz Hafizoğlu və Demirören İnformasiya Agentliyinin baş direktorunun müavini Bülənt Ovacık da sənədin Azərbaycan və Türkiyə arasında media əlaqələrinin daha da inkişaf etməsinə töhfə verəcəyini bildiriblər.

R.Hafizoğlu deyib ki, Trend İnformasiya Agentliyi sözün əsl mənasında öz təsir dairəsini və oxucu kütləsini genişləndirmə mexanizmini ənənə halına gətirib: "Bundan əvvəl də Özəbkistanla bir memorandum imzalanıb. Hesab edirəm ki, bu imzalanan memorandum Trend İnformasiya Agentliyinin və eyni zamanda, Azərbaycan həqiqətlərinin dünyaya və daha böyük oxucu kütləsinə çatdırılması üçün vasitə olacaq".

Demirören İnformasiya Agentliyinin baş direktor müavini Bülənt Ovacık isə qeyd edib ki, Trend İnformasiya Agentliyi ilə DHA-nın birliktə ərsəyə gətirəcəyi layihələr türk dünyasının media sahəsində olan əməkdaşlığına mühüm töhfə verəcək.

"Media agentlikləri arasında yaranan bu əməkdaşlıq Türkiyə və Azərbaycan həqiqətlərinin həm iki ölkədə, həm də dünyada bir çox dillərdə yayılmasına imkan yaradacaq.

Azərbaycan mətbuatı ölkənin haqq səsinin dünyaya çatdırılmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışır. Trend BİA ilə DHA arasında əməkdaşlıq Azərbaycan və Türkiyədə müstəqil medianın, peşəkar jurnalistikanın inkişafına öz dəstəyini verəcək", - o vurğulayıb.